ANIM TƏDBİRİ KEÇİRİLDİ
Bu gün “Azərenerji” ASC-də Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə əlaqədar olaraq “Xocalıya ədalət!” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masa iştirakçıları ilk növbədə Xocalı soyqırımını əks etdirən foto sərgi ilə tanış oldular. Daha sonra tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Çıxış edənlər erməni millətçilərinin hələ 1905–1907-ci, 1918–1920-ci, 1948–1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirilməsini, öz torpaqlarından deportasiya edilmələrini diqqətə çatdıraraq bildirdilər ki, 1988-ci ilin fevralından ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları ilə başlanan nümayişlərinə keçmiş SSRİ rəhbərliyi tərəfindən zəruri tədbirlər görülməməsi qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda azərbaycanlıların yurd yerlərinin yandırılması, əhalisinin qətlə yetirilməsi ilə nəticələndi. O cümlədən erməni millətçiləri Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı kəndlərində qətliamlar törətdilər. Natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayəti müharibələr tarixində bənzəri olmayan hadisə olduğunu, bu soyqırım aktı nəticəsində bəzi ailələrin bütünlüklə məhv edildiyini, mülki əhalinin görünməmiş qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərə amansız işgəncələr verildiyini də qeyd etdilər.
Onu da qeyd etdilər ki, bu soyqırım erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin davamıdır.
Çıxış edənlər Ermənistanın bu gün də davam edən hərbi təcavüzü, ermənilər tərəfindən uydurulmuş “Dağlıq Qarabağ problemi”, o cümlədən XX əsrin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasi kursun Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən davam etdirildiyini vurğuladılar. Eləcə də Xocalı soyqırımının dünyada tanıdılması üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan məqsədyönlü işlər də xüsusi qeyd edildi.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirildi.