TƏMİR İŞLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
“Ağsu Elektrik Şəbəkəsi”nin kollektivi ötən ildə olduğu kimi cari ildə də əsas diqqəti təmir-bərpa işlərinə və avadanlıqlara texniki qulluğun yaxşılaşdırılmasına yönəldib. İstismar səviyyəsinin yüksəldilməsi və mövsümü uğurla başa vurmaq üçün nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində şəbəkənin balans mənsubiyyətinə aid 10 kV-lik elektrik verilişi xətlərinin 1,1 kilometrində təmir işləri aparılıb. Bu proses 0,4 kV-lik EVX-də də həyata keçirilib və 5,4 km-ə yaxın xətt təmir edilib.
Yeri gəlmişkən, balans mənsubiyyətinə aid olan ümumi gücü 3 MVA-dan artıq təşkil edən 11 transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Qeyd edək ki, elektrik şəbəkəsində texniki iqtisadi göstəricilərin səviyyəsini yüksəltmək məqsədilə, daha doğrusu itkilərin minimum səviyyəyə düşməsi, qeyri-qanuni müdaxilələrin qarşısının alınması, dayanıqlığın daha da artırılması baxımından görülmüş və davam etdirilən işlər mühüm əhəmiyyət kəsb edir.
Mənbə onu da bildirdi ki, müəssisə üzrə cari ilin yanvar ayında ümumilikdə 4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 312 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 17 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 136 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 13 faizdən çox olmuşdur.
Onu da qeyd edək ki, ötən il ərzində ümumi istehlak 2012-ci il ilə müqayisədə 739 min kilovatsaata yaxın artaraq 42.7 milyon kilovatsaata yaxın olmuşdur. Ümumi ödəniş 2012-ci illə müqayisədə mütləq 7 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 23,7 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə 2012-ci illə müqayisədə istehlak 698 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 10 faizdən artıq olmuşdur.
Mənbəyə istinadən onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 150-dən çox istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 406,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 24,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Hazırda ötən ildən aktlara görə yaranmış debitor borcun qalan hissənin ödənilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilir.