STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR

Image

Ulu Öndərin  Azərbaycan döv­lətinin rəhbərliyinə gəlməsindən sonra, bütün sahələrdə olduğu kimi, elektrik enerjisi sistemində də kəskin dönüş yarandı. Bu gün enerjisistemdə müstəsna əhəmiyyətinə görə seçilən, Bakı şəhəri və Bakıətrafı qəsəbələrin, ümumilikdə isə Abşeron yarımadasının elektrik enerjisi təchizatında mühüm rol oynayan “Şimal Elektrik Stansiyası” da ikinci həyatına qədəm qoydu. Burada əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Nəticədə ötən dövrlərdə olduğu kimi 2013-cü ildə və cari ilin yanvar ayında da texniki iqtisadi göstəricilər yüksək olmuşdur. Stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.

Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin yanvar ayında 208,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, 2013-cü il ərzində isə 1 milyon 907,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir. Mənbə, bunu uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi qiymətləndirərək onu da bildirdi ki, mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər qrafik üzrə davam etdirilir.

Yeri gəlmişkən, digər müəssisələr kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın nasoslarına baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Eyni zamanda yanğın xəbərverici sistemləri əsaslı təftiş edilərək saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.

Xatırladaq ki, "Şimal" ES-in inkişaf proqramı Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.