İSTİSMAR SƏVİYYƏSİ DAHA DA YAXŞILAŞDIRILIR
“İmişli Elektrik Şəbəkəsi”ndə elektrik təsərrüfatının fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə daha da keyfiyyətli və dayanıqlı təchizatını təmin etmək məqsədilə mühüm işlər həyata keçirilib. Bu baxımdan, enerji təsərrüfatında aparılan məqsədyönlü işlər öz bəhrəsini verməkdədir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər rayonlarda olduğu kimi, burada da istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. Əsas məqsəd, hər il olduğu kimi, bu il də qış aylarında əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etmək olmuşdur. Bu məqsədlə rayonun elektrik təsürrüfatında mühüm təmir-bərpa işləri aparılmışdır. O cümlədən, son ay ərzində isə 10 və 6 kV-lik “Vaqif”, III, IV, VII “Şəhər”, “Hərbi hissə”, “Məzrəli” və bu kimi digər hava xətlərinində həyata keçirilmiş müxtəlıif təyinatlı təmir işləri zamanı 4,1 kilometrə yaxın hissə əsaslı və cari təmir olunmuşdur.
Qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərdən və transformator məntəqələrindən də yan keçməmişdir. Belə ki, həmin bu dövdə rayonun Hacıbabalı, Qızılkənd, Şahverdili və digər kəndlərində olan 0,4 kV-lik xətlərin 5,5 km-ə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 45-dən artıq transformatorda isə əsaslı və cari təmir işləri reallaşdırılmışdır.
Mənbədən daxil olan digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 145-dən artıq istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 264,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 15,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd edək ki, ötən il ərzində isə burada 3265 qayda pozuntusu faktı aşkar edilərək aktlar tərtib olunmuş, 8 milyon 405,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 504,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 17 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində də müsbət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin ilin yanvar ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 282 min kilovatsaat artaraq 23,3 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq bir faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 7,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 3,2 milyon kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq bir faizə yaxın artmışdır. Sonda onu da qeyd edək ki, ötən il ərzində müəssisə üzrə ümumilikdə 209,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2012-ci illə müqayisədə istehlak 19,8 milyon kilovatsaat, ödəniş isə mütləq 4 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2012-ci illə müqayisədə 16,9 milyon kilovatsaata yaxın artaraq 65 milyon kilovatsaata yaxın olmuşdur.