TƏMİR İŞLƏRİ GÖRÜLÜR

Image

Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi “Şəki” EŞ üzrə də istehlak edilmiş elektrik enerjisin dəyərinin tam ödənilməsi, həm də istismarın vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, keçən ilin son üç ayı ərzində Şəki şəhər mərkəzində,  Qayabaşı, Oxud, Zunud və digər bir neçə kənd ərazisində 10 kV-lik “Suçma”, “Daşüz”, “Aş. Göynük”, “B. Göynük” və 0,4 kV-lik xətlərin ümumilikdə 10,3 kilometrdən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Paralel olaraq 64 TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və dayanıqlılıq daha da möhkəmləndirilmişdir. Yeri gəlmişkən, şəbəkələrdə yenidənqurma işləri aparılır və sayğaclar xüsusi qutularda baxış üçün maneəsiz yerlərdə quraşdırılır ki, bu da öz növbəsində istehlak edilmiş elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasına müsbət təsir göstərir.

Belə ki, müəssisənin xidməti ərazisində cari ilin yanvar ayında müəssisə üzrə 14,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 870 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 8 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 506 min kilovatsaat artaraq 8,4 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 6 faiz olmuşdur. Qeyd edək ki, ötən il ərzində müəssisə üşrə ümumi istehlak 132,9 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə 2012-ci il ilə müqayisədə istehlak 10,1 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 12 faizdən çox artmışdır.  O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2012-ci illə müqayisədə 4,6 milyon kilovatsaata yaxın artaraq 69,3 milyon kilovatsaatdan artıq, ödənişdə mütləq artım isə 9  faizdən çox olmuşdur.

Mənbəyə istinadən onu da qeyd edək ki, elektrik enerjisindən qeyri-qanuni istifadə ilə bağlı sistemli olaraq reydlər keçirilir. Belə ki, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 110 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 145 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 10 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 69 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, 2013-cü il ərzində isə burada 1156 qayda pozuntusu faktı aşkar olunmuş və müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 2 milyon 431,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 145,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 21 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, müəssisənin xidməti ərazisində cari ilin yanvar ayında elektrik enerjisindən qeyri qanununi istifadə edən istehlakşılardan birinin sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.