“XIZI EŞ”: REYDLƏR KEÇİRİLİB

Image

İstehlakçılar arasında aparılan təbliğat işləri və  elektrik enerjisindən istifadə qaydalarının pozulmasına qarşı aparılan yoxlama reydləri sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınmışdır.

“Xızı Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 30-a yaxın istehlakçının (bunun 25-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 118,9 min kilovatsaatdan artıq (bunun 78,1 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 7,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Qeyd edək ki, ötən il ərzində isə 300-dən artıq qayda pozuntusu (bunun 287-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 1 milyon 296,9 min kilovatsaata yaxın (bunun 1 milyon 172,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 77,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 55 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə onu da bildirdi ki, cari ilin yanvar ayında müəssisə üzrə 7,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 158 min kilovatsaat azdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəticilər müvafiq olaraq 989 min kilovatsaata yaxın və 359 min kilovatsaatdan artıq olmuşdur. Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisə üzrə 2013-cü il ərzində isə ümuni istehlak edilmiş elektrik enerjisinin miqdarı 83,2 milyon kilovatsaata yaxındır ki, bunun da 9,2 milyon kilovatsaatdan çoxu daimi əhali qrupuna məxsusdur. 2012-ci illə müqayisədə ümimi istehlak, 8,2 milyon kilovatsaata, ödəniş isə mütləq 5 faizə yaxın artmışdır. Daimi əhali istehlakçı qrupu üzrə bu göstəticilər müvafiq olaraq 2 milyon kilovatsaatdan çox və mütləq 3 faizə yaxın olmuşdur.

Mənbədən ötən ilin son üç ayı ərzində həyata keçirilmiş təmir işləri ilə bağlı əldə etdiyimiz məlumatda o da bildirilir ki, Sitalçay kəndində, Altıağac, Giləzi qəsəbələrində və digər ərazilərdə 10 və 0,4 kV-lik şəbəkənin yenidən qurulması həyata keçirilmişdir. Ümummiyyətlə burada  sözügedən dövrdə 10 kV-lik 5 km-ə yaxın naqil yenilənmiş, 100-ə yaxın dayaq dəyişdirilmiş və eyni sayda travers quraşdırılmışdır. Eyni zamanda 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması, elektrik şəbəkəsinin istismarını asandlaşdırılması və elektrik şəbəkəsində itkilərin azaldılması məqsədi ilə həmin bu dövrdə 900 metrə yaxın 0,4 kV-luq hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (SİP) əvəz olunmuşdur. Bütün bunlarla yanaşı 10 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və iki transformator da əsaslı təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Sonda onu da qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan 35 kV-lik “Yeni Yaşma” və “Şurabad” yarımstansiyalarında transformatorlara təkrar baxış keçirilmiş və iki transformatora yağ əlavə edilmişdir.