TRANSFORMATORLAR DAHA GÜCLÜSÜ İLƏ ƏVƏZ EDİLMİŞDİR
Ənənəvi xarakter alan təmir-bərpa və yenidənqurma işləri ölkənin bütün enerji obyektlərində uğurla yerinə yetirilir.
İstehlakçilara göstərilən xidmətin səviyyəsinin artırılması istiqamətində icra edilən bu tədbirlər Şamaxı şəhərinin, eyni zamanda rayonun Nağaraxana, Qızmeydan, Çuxuryurd və digər kəndlərindən də yan keçməyib. “Şamaxı” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bu ərazilərdə aparılan yenidənqurma və təmir işlərinin geniş vüsət aldığı diqqətə çatdırılır. Belə ki, son üç ay ərzində 35 kV-lik “Pirqulu” yarımstansiyasında gərginlik transformatoru, “Hacıqədirli” yarımstansiyasında isə cərəyan transformatoru yenisi ilə əvəzlənmişdir. Qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan Mənbəyə istinadən onu da qeyd edək ki, şəbəkənin xidməti ərazisində olan 20-dən artıq TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda müəssisənin balans mənsubiyyətinə aid olan bir neçə transformator daha güclüsü ilə əvəz edilmişdir. Belə ki, M. Ə. Rəsulzadə küçəsindəki 320 kVA transformator 630 kVA transformatorla, H. Aslanov küçəsindəki 160 kVA transformator 250 kVA transformatorla, Sabirli kəndindəki 63 kVA transformator isə 100 kVA transformatorla əvəz edilmişdir. Bütün bunlarla yanaşı transformatorlara baxış keçirilmiş və yağ əlavə edilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 335-dən artıq istehlakçının (bunun 290-a yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 774,3 min kilovatsaatdan artıq (bunun 326,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 46,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 65 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 30 fakt (bunun 26-ı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 31,9 min kilovatsaata yaxın (bunun 14,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 1,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.
Mənbə onu da bildirdi ki, 2013-cü ildə müəssisənin xidməti ərazilərində istehlakçılar tərəfindən 65,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2012-ci ildəki istehlakla müqayisədə 4,1 milyon kilovatsaat çoxdur. Ümumi ödəniş isə 2012-ci ildəki göstərici ilə müqayisədə mütləq 8 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 39,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2012-ci illə müqayisədə istehlak 1,1 milyon kilovatsaat, ödəniş isə mütləq 7 faizdən artıq olmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin yanvar ayında burada 6,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 513 min kilovatsaata yaxın, ümumi ödəniş isə mütləq 7 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 386 min kilovatsaat çoxdur.
Sonda mənbə onu da bildirdi ki, həyata keçirilmiş bütün bu işlər istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə, texnoloji itkilərin müəyyən edilmiş həddə saxlanılmasına, ifrat yüklənmələrin qarşısının alınmasına xidmət edir.