İSTİSMARIN KEYFİYYƏTİ YÜKSƏLDİLİR
Quba rayonu elektrik enerjisi ilə ümumi uzunluğu 1080 kilometrə yaxın 10 və 6 kV-lik və 1530 km-ə yaxın 0,4 kV-lik elektrik veriliji xətləri (EVX) vasitəsilə qidalanır. Şəbəkənin balansında ümumi gücü 210 MVA-dan artıq olan 1180-ə yaxın transformator mövcuddur.
“Quba Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ümumilikdə xidməti ərazi üzrə tələbatçıların dayanıqlı elektrik enerjisi ilə təchizatı normal şəkildə təmin olunmuşdur. Bununla belə, hazırda istehlakçıları daha da keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə bir sıra xətlərin yenidənqurulmasına ehtiyac vardır. İlk növbədə 0,4 kV-lik paylayıcı şəbəkələrdə mövcud elektrik xətlərinin müasir standartlara cavab verən xətlər ilə əvəzlənməsi, həmçinin itkilərin azaldılması məqsədilə HX-nin SİP kabellə əvəz edilməsi zəruridir. Bununla bağlı işlər davam etdirilir.
Qeyd edək ki, ötən ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində olan 10 və 0,4 kV-lik xətlərin 12 km-i təmir edilmiş, 70 dayaq yenisi ilə əvəzlənmiş və xeyli sayda izolyator dəyişdirilmişdir. Eyni zamanda 0,4 kV-lik paylayıcı şəbəkələrdə HX-nin SİP kabellə əvəz edilməsi məqsədilə 14 aralıq dayaq quraşdırmaqla 2,5 km-ə yaxın SİP kabel xətti çəkilmişdir. Bütün bunlarla yanaşı 10, 6 və 0,4 kV-lik EVX-lər üzrə 7,2 km məsafədə budama işləri aparılmış, 11,6 km məsafədə sallaq naqillər tarımlanmış, 25 dayaq düzləndirilmişdir. Yeri gəlmişkən, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 40-dan artıq TM və KTM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Mənbə onu da bildirdi ki, ötən ilin dekabr ayında müəssisə üzrə 15,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2012-ci ilin eyni dövründəki istehlakdan 4 milyon kilovatsaat çoxdur. 2012-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə ödənişdə mütləq artım isə 8 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 milyon kilovatsaatdan çox artaraq 9,2 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 14 faizə yaxın olmuşdur.
Onu da qeyd edək ki, 2013-cü il ərzində isə istehlak 2012-ci ilin eyni dövrü ilə müqayisədə 9,8 milyon kilovatsaata yaxın artaraq 141,5 milyon kilovatsaatdan çox olmuşdur. Ödəniş isə 2012-ci ilin eyni dövründəki göstəricidən 12 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyon kilovatsaata yaxın artaraq 79,4 milyon kilovatsaata yaxın, ödənişdə mütləq artım isə 11 faizdən çox olmuşdur.