İSTİSMAR SƏVİYYƏSİ YÜKSƏLİR

Image

“Samux Elektrik Şəbəkəsi”ndə istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər davam etməkdədir. Bu barədə müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində vəziyyət qənaətbəxşdir və hazırda istehlakçılar daha keyfiyyətli və dayanıqlı enerji ilə təmin edilirlər.

Elektrik enerjisi ilə təchizat sahəsində vəziyyətin qənaətbəxş olmasının rayonun elektrik təsərrüfatında görülmüş əsaslı və cari təmir işlərilə bağlı olduğunu bildirən mənbə qeyd etdi ki, elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütün imkan və qüvvələr ötürücü və paylayıcı şəbəkələrin istismar səviyyəsinin yüksəldilməsinə yönəldilib. Müəssisənin  xidməti ərazisində mövsümə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən ötən ilin son üç ayı ərzində 10 kV-lik HX-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı xətlərin 2,6  km-ə yaxın hissəsi də təmir olunmuşdur. Paralel olaraq analoji təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərdə də aparılmış və 2,6 km uzunluğunda xətt əsaslı təmir olunmuşdur.  Eyni zamanda 100-ə yaxın sayğac quraşdırılmışdır.

Qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində yerləşən 56 TM-də də əsaslı və cari təmir işləri aparılmış, ümumi gücü 1,7 MVA-dan artıq olan 6 transformator da əsaslı təmir olunaraq normal iş rejiminə gətirilmişdir.

2013-cü il ərzində müəssisə üzrə 106,4 milyon kilovatsaata yaxın (bunun 24,2  milyon kilovatsaata yaxını daimi əhali qrupu tərəfindən istehlak edilib) elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2012-ci ildəki istehlakla müqayisədə 3,4 milyon kilovatsaata yaxın çoxdur.  Daimi əhali qrupu üzrə bu göstərici isə 222 min kilovatsaata yaxın olmuşdur. Nəticədə 2012-ci illə müqayisədə ümumi ödəniş mütləq 6 faizdən çox, daimi əhali qrupunda isə mütləq 10 faizdən artıq olmuşdur. O cümlədən, ötən ilin dekabr ayında isə 7,8 milyon kilovatsaata yaxın (bunun 3,9 milyon kilovatsaatdan çoxu daimi əhali qrupu tərəfindən istehlak edilib) elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2012-ci ilin eyni dövrü ilə müqayisədə istehlak 1,1 milyon kilovatsaata yaxın artmışdır. Daimi əhali qrupunda isə bu göstərici 1,8 milyon kilovatsaata yaxın, ödənişdə mütləq artım isə 8 faizdən çox olmuşdur.

Mənbə onu da bildirdi ki, 2013-cü il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 470-ə yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkarlanmışdır. Bu qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 4 milyon 853,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 291,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 97 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür. Yeri gəlmişkən, ötən ilin dekabr ayında isə aşkar edilmiş 34 qayda pozuntusuna görə, 332,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 19,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.  Onu da qeyd etmək yerinə düşərdi ki, 2013-cü il ərzində aşkar edilmiş qayda pozuntularına görə 15 istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir.