TƏMİR KAMPANİYASININ GEDİŞİNDƏ PROBLEM YOXDUR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, qurğu və avadanlıqlarda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması qazaxlı energetiklərin ən mühüm vəzifələrindən birinə çevrilib.
“Qazax Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, xidməti ərazidə istehlakçıların elektrik enerjisinə olan tələbatının daha keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə 2013-cü ilin son üç ayı ərzində şəbəkənin xidməti ərazisində olan müxtəlif güclü 16 transformator məntəqəsi əsaslı və cari təmirdən çıxarılıb və gücü 250 kVA olan bir transformator da əsaslı təmirdən sonar təkrar şəbəkəyə qoşulmuşdur. 10 və 0,4 kilovoltluq elektrik verilişi hava xəttində 2,1 km uzunluğunda əsaslı və cari təmir işləri aparılıb və100-dən çox sayğac quraşdırılmışdır. Eyni zamanda, 330, 110, 35, 10, 6 kilovoltluq hava xətlərinə baxış keçirilib, xəttin mühafizə zolağına düşən yaşıl kütlələr təmizlənib. Bütün bunlarla yanaşı iki ədəd 10 KV-lik vakuum açarı da quraşdırılmışdır.
Qeyd edək ki, ötən ildə də enerji itkisinin israfçılığının qarşısının alınması istiqamətində müvafiq işlər həyata keçirilib. Təkcə onu qeyd etmək yerinə düşər ki, “Qazax” EŞ-in əməkçiləri rayonun kəndlərində həyətyanı sahələrdən xeyli sayda sayğacı xüsusi qutularda, baxış üçün maneəsiz yerə çıxarıblar.
Şəbəkədən daxil olan məlumata əsasən, 2013-cü il ərzində müəssisənin xidməti ərazisində ümumilikdə 74,3 milyon kilovatsaatdan, o cümlədən dekabr ayında isə 7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Daimi əhali istehlakçıları üzrə isə bu göstəricilər müvafiq olaraq 31,2 milyon kilovatsaata və 3,1 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə 2012-ci illə müqayisədə ümumi istehlak 1,1 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 2 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2012-ci ilin eyni dövrü ilə müqayisədə 528 min kilovatsaatdan çox azalmış və ödənişdə mütləq artım isə bir faizdən çox olmuşdur. Yeri gəlmişkən, 2012-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə ötən ilin dekabr ayındakı istehlak 163 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 7 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçıları üzrə istehlak 2012-ci ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 103 min kilovatsaatdan çox azalmışdır.
“Elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar hələ də var”, – deyən mənbə onu da bildirdi ki, 2013-cü il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 216 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq formada aktlaşdırılıb və 1 milyon 291,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 77,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı 2012-ci ildə aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. O cümlədən, ötən ilin dekabr ayında keçirilmiş reydlər zamanı 26 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmiş və 173,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 10,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Sonda onu da qeyd edək ki, hazırda rayon üzrə təmir işlərinin və reydlərin keçirilməsi davam etdirilir.