EFFEKTİVLİK DAHA DA ARTIRILIR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması məqsədilə “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin (YGEŞ) balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda ötən ilin son üç ayı ərzində bir sıra mühüm işlər yerinə yetirilmişdir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən dövrdə 330 kV-lik Yaşma yarımstansiyasında I-II “Yaşma” HX-lərin eleqaz açarları və avadanlıqları təmir olunmuşdur. 220 kV-lik “Sənaye Qovşağı” yarımstansiyasında isə 110 kV-lik II “Poladəritmə”, I “Xırdalan” hava xətlərinin (HX) yağ açarları və avadanlıqları təmir edilmiş, I-II “Masazır” HX-lər üçün isə eleqaz açarlı yuva quraşdırılmışdır. Eyni zaamanda 1 və 2 saylı 200 MVA avtotransformatorların giriş yağ açarları vakuum tipli açarlarla əvəz edilmişdir. Bütün bunlarla yanaşı hər iki yarımstansiyada 500 kVA gücündə generator da quraşdırılmışdır.

Qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik “Sumqayıt-3”, “135 saylı”, “Sumqayıt-2” və “Kimyaçılar” yarımstansiyalarından çıxan HX-lərin müxtəlif tipli açarlarında da təmir işləri aparılmışdır. Eyni zamanda yarımstansiyaların binalarında da yenidənqurma və təmir işləri aparılmışdır.

Yeri gəlmişkən, sözügedən dövrdə 110 kV-lik “Şitalçay”, “SAZ-1”, “SAZ-2”, “Ceyranbatan”, “Əliağa Vahid” və digər bir neşə yarımstansiyada da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən güc transformatorları və onun avadanlıqları təmir edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, dayanıqlığın daha da artırılması məqsədilə YGEŞ-in xidməti ərazisində yüksək gərginlikli elektrik verilişi xətləri üzrə də müvafiq bərpa işləri icra edilmişdir.  Belə ki, 330 kV-lik I “Abşeron” HX-də iki dayaqarası aşırımda naqillər və bir neçə dayaqda isə ildırımötürücü troslar təmir edilmiş, eynı zamanda həmin bu trosların armaturuna yuxarıdan baxış keçirməklə yoxlanılmışdır. 500 kV-lik II “Abşeron” HX-də isə bir neçə dayaqda izolyator dəyişdirilmiş, anker dayaqlarda ilgəklər (şleyflər) təftiş olunmuşdur.

Onu da qeyd etmək yerinə düşərdi ki, icrası reallaşdırılan tədbirlər enerji ötürücülərində dayanıqlığın  yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar açır.

Mənbədən onu da bildirdilər ki, yanğın təhlükəsizliyi ilə əlaqədar olaraq ərazidən quru otlar təmizlənmiş, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir. Eyni zamanda qəza yağ tutumlarına baxış keçirilmiş, qurunt sulardan təmizlənmişdir.

Cari ildə nəzərdə tutulmuş təmir-tikinti işlərindən danışan mənbə onu da bildirdi ki, 110 kV-lik “Ceyran Batan” yarımstansiyasında 6 və 35 kV-lik qapalı paylayıcı quruluşun yenidən tikilməsi, 330 kV-lik “Yaşma” yarımstansiyasında 2 saylı 240 MVA avtotransformatorun, 110 kV-lik “SAZ-1” və “SAZ-2”, “Şamaxı” yarımstansiyalarının hər birində müxtəlif gücdə bir ədəd güc transformatorlarının təmirı də cari ilin təmir qrafikində nəzərdə tutulmuşdur.