ZƏRURİ İŞLƏR GÖRÜLÜR
Son dövrlər “Qusar Elektrik Şəbəkəsi”nin enerji təsərrüfatında aparılan məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, rayonun elektrik enerjisinin təchizatı ilə bağlı heç bir problem yoxdur, istehlakçı qrupların hamısı keyfiyyətli və stabil elektrik enerjisi ilə təmin olunur.
Yeri gəlmişkən, rayonun paylayıcı şəbəkələrinin enerji təchizatı 620 km-ə yaxın 10 və 6 kV-lik, 1080 km-ə yaxın 0,4 kV-lik EVX-lər və ümumi gücü 90 MVA-ya yaxın olan 580-dan artıq transformator vasitəsilə həyata keçirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər cari ildə də həyata keçiriləcəkdir. Ötən ilin son üç ayı ərzində isə 10, 6 və 0,4 kV-lik xətlərin ümumilikdə 10,7 km-ə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, 35-dən artıq dayaq dəyişdirilmişdir. Eyni zamanda 10-dan artıq aralıq dayaq quraşdırmaqla 500 metrə yaxın SİP kabel xətti çəkilmişdir. Bütün bunlarla yanaşı 10, 6 və 0,4 kV-lik xətlərin 9 km-nin qabariti bərpa edilmiş, 60 dayaq düzləndirilmiş və xətt boyunca budama işləri aparılmışdır. Bu dövr ərzində güc artımı ilə əlaqədar Gündüzqala və Kuzun kəndlərinin hər birində bir transfor mator daha güclüsü ilə əvəz edilmişdir. Eyni zamanda 9 KTM-də də müxtəlif təyinatlı təmir işləri aparılmış və şəbəkənin balansına daxil olan transformatorlara yağ əlavə edilmişdir.
Qeyd edək ki, müəssisənin xidməti ərazisində ötən ilin 12 ayı ərzində keçirilmiş reydlər zamanı 120 qayda pozuntusu faktı aşkar edilərək aktlaşdırılıb. Nəticədə 523 min kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin 31 min 380 manatdan çox istehlak dəyəri bərpa edilib. Həmin məbləğin təqribən 53 faizdən artıq hissəsinin ödənişi təmin edilib, qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Həyata keçirilmiş və hazırda davam etdirilən işlər paylayıcı şəbəkənin daha da səmərəli və dayanıqlı işləməsinə imkan verəcəkdir” – deyən mənbə onu da qeyd etdi ki, ötən ilin dekabr ayında müəssisə üzrə 8,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki istehlakla müqayisədə 3,1 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə 2012-ci ilin eyni dövründəki göstəricidən mütləq 33,4 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2012-ci ilin eyni dövrü ilə müqayisədə 865 min kilovatsaatdan çox artaraq 2,9 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 21 faiz olmuşdur.
Mənbə onu da bildirdi ki, 2013-cü il ərzində ümumi istehlak 2012-ci ildəki istehlakla müqayisədə 13 milyon kilovatsaatdan çox artaraq 64,9 milyon kilovatsaatdan artıq olmuşdur. 2012-ci ilə nisbətən 2013-cü il ərzində istehlak edilmiş elektrik enerjisinə görə ümumi ödəniş mütləq 24 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 31,4 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da 2012-ci ildəki istehlakdan 4,1 milyon kilovatsaat çoxdur. Ödənişdə mütləq artım isə 12 faizdən artıqdır. “Qusar elektrik şəbəkəsi”ndə zəruri tədbirlər davam edir.