ƏMƏYİN MÜHAFİZƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı bölgələrdə ardıcıl və məqsədyönlü tədbirlər görülməkdədir. “Ağstafa Elektrik Şəbəkəsi” rayon ərazisində elektrik enerjisinin daha da dayanıqlı və keyfiyyətli paylanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırmaq, qış mövsümündə istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi ilə mühüm işlər görülüb. Belə ki, ötən ilin son üç ayı ərzində 10-0,4 kV-lik elektrik verilişi xətlərində ümumilikdə 10,4 kilomerdən artıq naqildə təmir işləri görülmüşdür. Eyni zamanda 600 metr uzunluğunda yeni 0,4 kV-lik kabel xətti çəkilmiş və 70-ə yaxın sayğac quraşdırılmışdır. Rayon ərazisində müxtəlif gücdə 30-dan artıq transformator məntəqəsində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və 400 kVA gücündə bir transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Ümumiyyətlə, rayonun elektrik təsərrüfatında həyata keçirilən tədbirlər nəticəsində enerji təchizatı daha da möhkəmlənmişdir.
Mənbəyə istinadən qeyd edək ki, təmir işləri ilə yanaşı elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində də reydlər davam etdirilir. Təkcə ötən ilin dekabr ayında keçirilmiş reydlər zamanı 34 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Aktlar üzrə hesabat aparılaraq 190,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 11.4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Ümumiyyətlə, burada 2013-cü il ərzində 210-a yaxın qayda pozuntusu faktı aşkar edilərək 833,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 50 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 79 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Onu da qeyd etmək yerinə düşərdi ki, 2013-cü il ərzində aşkar edilmiş qayda pozuntularına görə 18 istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Mənbədən əldə edilən digər bir məlumata görə, ötən ilin dekabr ayında müəssisə üzrə ümumilikdə 8,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1,7 milyon kilovatsaat çoxdur. Ümumi ödəniş isə 2012-ci ilin eyni dövrü ilə müqayisədə mütləq 17 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 3,6 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da 2012-ci ilin eyni dövründəki istehlakdan 1,8 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə 2012-ci ilin eyni dövründəki göstəricidən mütləq 6,3 faiz çoxdur. Mənbəyə istinadən onu da qeyd etmək yerinə düşərdi ki, 2013-cü il ərzində isə ümumi istehlak 90,9 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə 2012-ci illə müqayisədə istehlak 6,3 milyon kilovatsaatdan çox, ödəniş isə 11 faizə yaxın mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 222 min kilovatsaata yaxın artaraq 24.2 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 6 faizə yaxındır.
Yeri gəlmişkən, digər müəssisələrdə olduğu kimi, burada da yanğın təhlükəsizliyi və əməyin mühafizəsi məsələləri diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər bu istiqamətdə mütəmadi olaraq təlimatlandırılırlar.