ENERJİ TƏCHİZATININ DAHA DA YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Image

Son dövrlər Kürdəmir Elektrik Şəbəkəsi”nin enerji təsərrüfatında həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bu barədə Kürdəmir EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə məlumat verilib və bildirilib ki, rayonun elektrik enejisinin təchizatı ilə bağlı heç bir problem yoxdur. Mənbənin bildirdiyinə görə, bütün istehlakçı qruplar daha da keyfiyyətli və dayanılıqlı elektrik enerjisi ilə təmin olunurlar.

Qeyd edək ki, istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər bu gün də davam etdirilir. Elektrik şəbəkəsinin xidməti ərazisində dirəklərin yenisi ilə əvəz olunması, dayaqların düzləndirilməsi, traverslərin quraşdırılması, naqillərin dartılması və ərazinin yaşıl kütlədən təmizlənməsi və s. istiqamətində mühüm işlər görülür. Məsələn, 2013-cü ilin son üç ayında  10 kV-lik I-II “Şəhər”, “Qarabağ”, “Nizami”, “Məmmədli” və s. eyni zamanda rayonun Şığırlı, Carlı, Qarabucaq və digər bir neçə kəndində olan 0,4 kV-lik xətlərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı sözügedən xətlərin ümumilikdə 13,1 km-ə yaxın hissəsi təmir olunmuşdur. Eyni zamanda müxtəlif gücdə 44 transformator da təmir edilərək normal iş rejiminə gətirilmiş və təkrar şəbəkəyə qoşulmuşdur.

Şəbəkədən daxil olan məlumata əsasən, 2013-cü il ərzində müəssisənin xidməti ərazisində ümumilikdə 131,1 milyon kilovatsaatdan, o cümlədən dekabr ayında isə 13,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Daimi əhali istehlakçıları üzrə isə bu göstəricilər müvafiq olaraq 56,4 milyon kilovatsaata yaxın və 7,2 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə 2012-ci illə müqayisədə ümumi istehlak 7,5 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 3 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 8,6 milyon kilovatsaatdan və bir faizdən çox olmuşdur.

Yeri gəlmişkən, 2012-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə ötən ilin dekabr ayındakı istehlak 2,8 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 5 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçıları üzrə istehlak 2012-ci ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 3,1 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 2 faiz olmuşdur.

“Elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar hələ də var”, – deyən mənbə onu da bildirdi ki, 2013-cü il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 880-ə yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq formada aktlaşdırılıb və 1 milyon 628,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 97,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 59 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür. O cümlədən, ötən ilin dekabr ayında keçirilmiş reydlər zamanı 210-a yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmiş və 471,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 28.3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Sonda onu da qeyd edək ki, hazırda rayon üzrə təmir işlərinin və reydlərin keçirilməsi davam etdirilir.