QRAFİK HAZIRLANIB
“Mingəçevir REŞ”in tərkibində fəaliyyət göstərən şəbəkələrdən biri də “Goranboy Elektrik Şəbəkəsi”dir. Kollektiv ötən il nəzərdə tutulmuş tədbirlər planını yerinə yetirməklə, xətt və avadanlıqların istismar səviyyəsinin artırılması istiqamətində xeyli iş görmüşdür.
Sözügedən şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, 2013-cü ildə 10 kV-lik hava xətlərinin 67,1 kilometri əsaslı və cari təmir olunmuşdur. Eyni zamanda 0,4 kV-lik hava xətlərinin 36,5 kilometri təmir edilmişdir. Ötən il şəbəkənin təmir briqadaları 35/10 kV-lik yarımstansiyaların 8-də əsaslı, 136-da isə cari təmir işləri görərək dayanıqlığı və enerjinin fasiləsizliyini təmin ediblər.
Mənbəyə istinadən qeyd edək ki, rayon ərazisində bu müddət ərzində 490-dan artıq birfazlı elektrik sayğacı quraşdırılıb, 740-a yaxın sayğac yenisi ilə əvəz edilib. Bununla yanaşı, 140-dan artıq həyətdən sayğaclar baxış üçün daha münasib yerə çıxarılıb. Bütün bunlar istehlakçıları daha da keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməyə imkan yaradıb.
Yeri gəlmişkən, şəbəkə kollektivinin cari ildə görəcəyi işlərin qrafiki hazırlanıb və təsdiqlənib. Şəbəkədən verilən məlumata görə, balans mənsubiyyətinə aid olan transformator məntəqəsində, habelə elektrik verilişi xətlərində həyata keçiriləcək işlər aylar üzrə qrafikə salınıb və artıq bu prosesə start verilib.
0,4 kV-lik Cinli-Boluslu kəndinin 7,1 kilometrlik EVX-nin 1,2 kilometri yanvar ayında əsaslı təmirdən çıxarılıb. 3 kənddə - Eyvazallar, Cinli-Boluslu və Safikürd kəndlərində olan müxtəlif gücə malik 7 ədəd TM-in cari təmiri yanvar ayında həyata keçirilib. Kollektiv təmir bərpa işlərini davam etdirir.