“MİNGƏÇEVİR REŞ”: TƏMİR İŞLƏRİ APARILIR
Digər enerji obyektlərində olduğu kimi “Mingəçevir REŞ”-in də xidməti ərazilərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işləri yerinə yetirilir, o cümlədən itkilərin azaldılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan 500 kV-luq II “Abşeron”, 330 kV-luq I “Abşeron”, V “Mingəçevir” və 220 kV-luq I-II “Mingəçevir”, “Qəbələ” və digər elektrik verilişi xətləri (EVX) xüsusi diqqət mərkəzindədir.
Müəssisədən “Azərenerji”ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və ötən ilin IV rübündə həyata keçirilmiş təmir işləri barəsində o da bildirilir ki, həmin bu dövrdə 500 kV-lik II “Abşeron” HX-də həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı 6 dayaqda 40-dan artıq izolyator dəyişdirilmiş və xəttin 6 kilometri təmir edilmişdir. Eyni zamanda 330 kV-lik I “Abşeron” və IV “Mingəçevir” HX-lərində ümumikdə 4,2 km xətt təmir olunmuş, 20-ə yaxın izoyator isə yenizi ilə əvəzlənmişdir. Bütün bunlarla yanaşı sözügedən xətlərin dayanıqlığının artırılması istiqamətində məqsədyönlü işlər aparılmış, dayaqların möhkəmliyi artırılmışdır.
Qeyd edək ki, bunlardan əlavə, sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid 110 kV-lik I-II “Ucar”, I-II “Şəhər” HX-lərində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən, ümumilikdə 9 kilometrdən artıq xətt təmir edilmiş, 280-a yaxın izolyator dəyişdirilmişdir. Yeri gəlmişkən, hesabat dövründə müəssisənin xidməti ərazisində olan 35 kV-lik “Boyat”, “Pirəzə”, II “Bərdə” və digər bir neçə HX-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və xətlərin ümumilikdə 4 km-i təmir edilmiş, 100-dən artıq izolyator dəyişdirilmiş, bir neçə dayaqda isə kontur torpaqlamalar bərpa olunmuşdur. Onu da qeyd edək ki, bu dövrdə balans mənsubiyyətində olan 110 və ondan yuxarı gərginlikli yarımstansiyalarda müxtəlif gücdə 4 transformator, iki eleqaz açarı, 75 yağ açarı təmir edilərək, sınaq-yoxlama işləri aparılaraq normal iş rejiminə gətirilmiş və istismara verilmişdir. Eyni zamanda “Bərdə” EŞ-in xidməti ərazisində olan 35 kV-lik “Şirvanlı”, “M. Ağalı”, “Bəcirəvan” və digər bir neçə yarımstansiyada ümumi gücü 52 MVA-ya yaxın olan doqquz transformator da əsaslı təmir edilmişdir.
Digər təmir işləri barəsində məlumat verən mənbə onu da bildirdi ki, paylayıcı şəbəkələrdə də (10, 6 və 0,4 kV-lik xətlərdə və transformator məntəqələrində) müxtəlif təyinatlı təmir işləri görülmüşdür ki, bu da avadanlıqların texniki göstəricilərinin keyfiyyətini daha da artırmışdır.
Mövcud iqlim şəraitində yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanıldığını bildirən mənbə onu da bildirdi ki, xidməti ərazidə olan yarımstansiyaların, transformator məntəqələrinin ərazisi quru otlardan, yağ töküntülərindən təmizlənmiş, transformatorların, yağ qəbuledici qurğuların yağ ötürən hissələri yoxlanılmış, çınqıl örtüyü yenisi ilə əvəz edimişdir. Bunlardan əlavə yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılmışdır. Digər işlərdən söz açan mənbə sonda onu da bildirdi ki, mal-material və texniki cəhətdən isə heç bir problemləri yoxdur.