TƏMİR İŞLƏRİ DAVAM EDİR
Respublikamızın enerji müəssisələrində mövsümə hazırlıq işləri davam etdirilir. “İmişli Regional Elektrik Şəbəkəsi”nin əhatə etdiyi rayonlarda da bu istiqamətdə məqsədyönlü tədbirlər əvvəlcədən tərtib olunmuş qrafik əsasında həyata keçirilir. Görülmüş və davam etdirilən tədbirlər elektrik enerjisinin texniki itkisinin minimum səviyyəyə salınması ilə yanaşı şəbəkələrin istismar vəziyyətinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayır.
Müəssisədən “Ağcabədi Elektrik Şəbəkəsi” (EŞ) üzrə görülmüş işlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən ilin son üç ayı ərzində 110 kV-lik “Ağcabədi”, 35 kV-lik “Hindarx-1”, “Qiyamadınlı”, “Ağcabədi-2” və digər bir neçə yarımstansiyadan çıxan 10 kV-lik hava xətlərində (HX) müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən həmin xətlərin 4,8 kilometri əsaslı təmir edilmişdir. Eyni zamnda sözügedən rayonun Köyük, Şahsevən, Hacıbədəlli və digər bir neçə kənd, həmçinin Ağcabədi şəhər ərazisində ümumilikdə 6,1 kilometr 0,4 kV-lik xətt də təmir edilmiş, bir neçə dayaq və travers dəyişdirilmiş, xəttin trassası yaşıl kütlədən təmizlənmiş, dayaqlar düzləndirilmişdir. Qeyd edək ki, təmir işləri EŞ-in xidməti ərazisində olan transformator məntəqələrindən də yan keçməmişdir. Belə ki, sözügedən müəssisə üzrə həmin bu dövrdə müxtəlif təyinatlı təmir işləri aparılmış və müxtəlif gücdə 40-dan artıq transformator əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Müəsisədən əldə edilən digər bir məlumata görə, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 620-ə yaxın qayda pozuntusu faktı aşkar olunmuşdur. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 1 milyon 824,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 109,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Onu da qeyd edək ki, 2013-cü il ərzində keçirilmiş reydlər zamanı 2805-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 16 milyon 921,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 1 milyon 15,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 31 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbəyə istinadən onu da qeyd edək ki, ötən ilin dekabr ayında müəssisə üzrə 23,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2012-ci ilin eyni dövründəki istehlakdan 5 milyon kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəticilər müvafiq olaraq 6,8 milyon kilovatsaatdan və 3,5 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə 2012-ci ilin eyni dövründəki göstəricidən mütləq 7 faizə yaxın artmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, 2013-cü il ərzində isə ümuni istehlak edilmiş elektrik enerjisinin miqdarı 284 milyon kilovatsaata yaxındır ki, bunun da 43,2 milyon kilovatsaatdan çoxu daimi əhali qrupuna məxsusdur. 2012-ci illə müqayisədə ümimi istehlak 8,9 milyon kilovatsaata yaxın artmışdır. Daimi əhali istehlakçı qrupu üzrə bu göstərici 4,4 milyon kilovatsaatdan artıq olmuşdur.