“MİNGƏÇEVİR SESS”: YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR
Uzunmüddətli istismardan sonra “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”ndə (SESS) yenidənqurma işlərinə başlanması məqsədilə 1981-ci ildə sərəncam imzalanmış. Stansiyanı ikinci gəncliyinə qovuşdurmaq, istehsal gücünü artırmaq üçün 1989-cu ildə bu işlərə start verilmiş, lakin məlum hadisələrlə əlaqədar (keçmiş SSRİ-nin süqutu) stansiyada yenidənqurma işləri dayandırılmışdı.
Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, müstəqil respublikamızın bütün sahələrində olduğu kimi, elektrik enerjisi sistemində də dönüşün əsası qoyuldu. Ölkə iqtisadiyyatının dirçəldilməsi və inkişafı üçün energetika qurğu və avadanlıqlarının təzələnməsi, yeni stansiyaların yaradılması mühüm istiqamətlərdən birinə çevrildi. Ulu Öndərimizin göstərişi ilə “Mingəçevir SESS”in də yenilənməsi istiqamətində müvafiq addımlar atıldı.
Yeri gəlmişkən, 1954-cü ildən istismar edilən, Qafqazda analoqu olmayan ən böyük enerji obyektlərindən biri sayılan “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”ndə avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində isə bir sıra tədbirlər həyata keçirilmişdir. Hazirda yenidənqurmanın tamamilə başa çatması üçün ölkə rəhbərliyi tərəfindən bu gün də müvafiq addımlar atılır və silsilədə yenidənqurma işləri davam etdirilir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, bu stansiyada cari ilin yanvar ayında 31,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunmuşdur.
Mənbəyə istinadən qeyd edək ki, 2015-ci il ərzində “Mingəçevir SES”də 450,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Mənbə onu da bildirdi ki, silsilədə yanğın təhlükəsizliyinə qarşı bir sıra tədbirlər həyata keçirilib: bütün yanğın kranları yoxlanılaraq tam işçi vəziyyətə gətirilmiş və şaxtaya qarşı profilaktiki tədbirlər görülmüşdür. Yarımstansiya və avtotransformatorların əraziləri quru otlardan təmizlənmişdir.
Xatırladaq ki, silsiləyə “Mingəçevir” və “Varvara” SES-ləri daxildir.