GÖRÜLƏN TƏDBİRLƏR ÖZ MÜSBƏT NƏTİCƏSİNİ VERMƏKDƏDİR

Image

Son dövrlər “Oğuz Elektrik Şəbəkəsi”nin (EŞ) enerji təsərrüfatında görülmüş işlər öz müsbət nəticəsini verməkdədir. Belə ki, rayonun elektrik enejisinin təchizatı ilə bağlı heç bir problem yoxdur və bütün istehlakçı qrupları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə  daxil olan məlumata görə, Oğuz rayonunda elektrik şəbəkələrinin fəaliyyətlərini sağlamlaşdırmaq, elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq və iqtisadiyyatın elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi ilə mühüm işlər görülmşdür. Bu baxımdan, şəbəkənin xidməti ərazisində EVX-lərin yenisi ilə əvəz olunması istiqamətində görülən işlər diqqətəlayiqdir. Məsələn, təkcə ötən ilin son üç ayı ərzində 10 kV-lik “Xaçmaz”, “ATS” EVX-də və Xaçmaz, Böyük Söyüdlü, Qumlax kəndlərində 0,4 kV-lik xətlərin ümumilikdə iki kilometrə yaxını təmir olunmuşdur.  Qeyd edək ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin edilməsi məqsədi ilə transformator məntəqələrində də təmir işləri aparılıb. O cümlədən ötən ilin son üç ayında ümumi gücü 1,2 MVA-dan artıq olan 9 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Yeri gəlmişkən, hazırda bu proses tədbirlər planına uyğun davam etdirilir: xətlər dəyişdirilir, köhnə dayaqlar  yenisi ilə əvəz olunur,  xətlərin keçdiyi ərazi yaşıl kütlədən təmizlənir, transformatorlar təmir edilir. Onu da qeyd edək ki, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəltmiş, bir çox enerji təchizatı problemlərini aradan qaldırmışdır.

Mənbə, istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək və onu da qeyd etdi ki, 2013-cü il ərzində müəssisə üzrə ümumi istehlak 69 milyon kilovatsaata yaxın, o cümlədən dekabr ayında isə 5,9 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə 2012-ci ilin eyni dövrü ilə müqayisədə ümumi istehlak 5 milyon kilovatsaata, ödəniş isə mütləq 6 faizə yaxın artmışdır. O cümlədən, dekabr ayında isə istehlak 2012-ci ilin eyni dövrü ilə müqayisədə 230 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 6 faizdən çox olmuşdur.  Onu da qeyd etmək yerinə düşərdi ki, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə daimi əhali istehlakçıları üzrə istehlak 2013-cü ildə 258 min kilovatsaata yaxın artaraq 12 milyon kilovatsaatdan artıq, ödənişdə mütləq artım isə 11 faizdən çox olmuşdur. 2013-cü ilin dekabr ayında isə bu göstəricilər müvafiq olaraq 388 min kilovatsaata yaxın, 1,4 milyon kilovatsaatdan artıq və 12 faizə yaxın olmuşdur.

Enerji obyektindən o da bildirildi ki, istehlak olunmuş elektrik enerjisinin haqqının tam həcmdə ödənilməsinin təmin edilməsi dövlət əhəmiyyətli məsələ olduğundan bu istiqamətdə daha yaxşı nəticələrin əldə olunmasına səy göstərilir.

 

Sonda onu da qeyd edək ki, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 106 istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 319,2 min  kilovatsaata yaxın  itirilmiş elektrik enerjisinin 19,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 92 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.