TƏSİRLİ TƏDBİRLƏRİN NƏTİCƏSİ
Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Nəzarət qruplarının və şəbəkə əməkdaşları tərəfindən keçirilən reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi, müdaxilə edilən sayğaclardan keçən enerjinin bir hissəsinin qeydə alınmaması, sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur. Həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir.
“Beyləqan” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində ötən ilin dekabr ayında keçirilmiş reydlər zamanı 405-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 928,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 55,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 41 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, müəssisənin xidməti ərazisində 2013-cü il ərzində keçirilmiş reydlər zamanı 2310-dan artıq qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 5 milyon 244,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 314,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 45 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə işlər davam etdirilir.
Yeri gəlmişkən, qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.