ELEKTRİK ENERJİSİNDƏN QEYRİ-QANUNİ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR
Şəbəkələrdə aparılan yenidənqurma işlərinə, sayğac uçot komplektlərinin xüsusi qutularda və baxış üçün maneəsiz yerdə quraşdırılmasına, sayğac uçot komplektinə nəzarətin gücləndirilməsinə, abonentlərlə aparılan təbliğata baxmayaraq, sayğac sxeminə müdaxilə edən istehlakçılar var. Onlar əməkdaşlarımız tərəfindən vaxtında aşkar edilir və onlara qarşı daha sərt tədbirlər görülür. Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, istehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) riayət etmələrinin yoxlanılması istiqamətində reydlər Sabirabad EŞ-in də xidməti ərazisində davam etdirilir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə sözügedən EŞ-dən daxil olan məlumata görə, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 400-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 176,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 70,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 82 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, 2013-cü il ərzində keçirilmiş reydlər zamanı 2800-ə yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 9 milyon 910,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 594,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 86 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.