“GÖYÇAY EŞ”: TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi “Göyçay EŞ”in xidməti ərazisində də istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində son illər mühüm addımlar atılıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində müəssisənin texniki-iqtisadi göstəriciləri yüksəlir. Kollektiv şəbəkənin texniki-istismar səviyyəsini daim nəzarətdə saxlayır, tədbirlər planına əsasən yenidənqurma işlərini həyata keçirir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə ötən ilin son üç ayı ərzində görülən işlərlə bağlı daxil olan məlumata görə, 10 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən 5,1 km-dən artıq xətt təmir edilmişdir. Yeri gəlmişkən, ötən aylar ərzində enerji təsərrüfatında digər işlər də həyata keçirilib. 40-a yaxın transformator məntəqəsində təmir işləri aparılıb və transformatorlara yağ əlavə edilmişdir.
Qeyd edək ki, sözügedən müəssisənin xidməti ərazisində ötən ilin dekabr ayında keçirilmiş reydlər zamanı 280-ə yaxın qayda pozuntu faktı aşkar olunmuşdur. Nəticədə 652,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 39,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbə onu da bildirdi ki, ötən ilin dekabr ayında müəssisə üzrə 8,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu da 2012-ci ilin müvafiq dövründəki istehlakla müqayisədə 253 min kilovatsaata yaxın çoxdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə ödəniş isə mütləq 3 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 114 min kilovatsaata yaxın artaraq 5,3 milyon kilovatsaata yaxın olmuşdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım isə bir faizə yaxın olmuşdur. Onu da qeyd edək ki, 2013-cü il ərzində müəssisə üzrə istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 milyon kilovatsaatdan çox artaraq 84,7 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə 2012-ci illə müqayisədə mütləq 8 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 2012-ci illə müqayisədə 1,2 milyon kilovatsaata yaxın artaraq 52,5 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 6 faizdən artıq olmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, burada da yanğın təhlükəsizliyinin təmin edilməsi haqqında nəzərdə tutulan tədbirlər həyata keçirilir. O cümlədən, yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi artıq təmin edilib, EVX-lərin mühafizə zonalarının və TM-lərin ərazilərinin quru otlardan və kənar əşyalardan, transformatorların özülü və gövdəsi çirkli yağ örtüyündən təmizlənib.