DAYANIQLIQ DAHA DA MÖHKƏMLƏNDİRİLİR
Hazırda bütün elektrik stansiyalarında, yarımstansiyalarda və elektrik ötürücü xətlərdə payız-qış mövsümünə hazırlıqla bağlı təmir işləri tədbirlər planına uyğun davam etdirilir.
“Lənkəran Elektrik Şəbəkəsi”nin (EŞ) də balans mənsubiyyətinə aid olan enerji obyektlərində ötən il sistem əhəmiyyətli xeyli tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər davam etdirilir. Bu da elektrik enerjisinə olan tələbatın daha da dayanıqlı və keyfiyyətli şəkildə paylanmasına, elektrik verilişi xətlərində texnoloji itkilərin azaldılmasına xidmət edir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə EŞ-dən daxil olan məlumata görə, ötən ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində (HEVX) həyata keçirilmiş yenidənqurma və təmir işləri ilə əlaqədar smartkart tipli sayğacların quraşdırılması zamanı 1,6 km-ə yaxın koaksial kabel çəkilmiş, bir km-ə yaxın yeni SİP kabel xətti quraşdırılmışdır. Eyni zamanda yeni güc mərkəzlərinin yaradılması məqsədilə 700 metr uzunluğunda 10 kV-lik EVX yenidən qurulmuşdur. Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik xətlərin ümumilikdə 13,5 km-ə yaxın hissəsində əsaslı təmir işləri aparılmışdır. Qeyd edək ki, təmir işləri transformator və komplekt transformator məntəqələrindən (TM və KTM) də yan keçməmişdir. Belə ki, 4 TM-də yenidənqurma, 23 TM-də isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda ümumi gücü 1,5 MVA-ya yaxın olan 6 transformator da əsaslı təmir edilərək istifadəyə verilmişdir.
Yeri gəlmişkən, rayonun enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yarımstansiyaların, TM və KTM-lərin ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin norma həddində saxlanması təmin edilir. Eyni zamanda yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
Növbəti aylarda da bu işlər davam etdiriləcəkdir”, - deyən mənbə sayğac sxeminə mudaxilə hallarının aşkarlanması ilə əlaqədar keçirilmiş reydlər və aşkar edilmiş qayda pozuntuları barəsində də məlumat vermiş və bildirmişdir ki, ötən ilin noyabr ayında 44 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 92,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 5,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Qeyd edək ki, ötən ilin 11 ayı ərzində burada 420-dən artıq qayda pozuntusu aşkar edilərək 2 milyon 539,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 152,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 84 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür.
Reydlər zamanı qeydə alınmış qayda pozuntularında dövlət möhürlərinin zədələnməsi, sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə halı üstünlük təşkil etmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisə üzrə ötən ilin noyabr ayında ümumilikdə 13,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2012-ci ilin eyni dövründəki istehlakdan 217 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə mütləq 10 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 9,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak 249 min kilovatsaata yaxın azalmış, ödənişdə mütləq artım isə 9 faizə yaxın olmuşdur. Yeri gəlmişkən, ötən ilin 11 ayı ərzində isə ümumi istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 milyon kilovatsaata yaxın azalaraq 133,2 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 5 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 88,5 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak 4,4 milyon kilovatsaata yaxın azalmış, ödəniş isə mütləq 4 faizə yaxın artmışdır.