TEXNİKİ QULLUQ VAXTINDA GÖSTƏRİLİR
Dövlət Başçısının diqqət və qayğısı sayəsində ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının daha dolğun şəkildə təmin olunmasında “Xaçmaz Elektrik Stansiyası”nın (ES) ardından "Şahdağ" ES-in tikilərək istismara verilməsi böyük əhəmiyyət kəsb etmişdir. Həmçinin, bu generasiya gücü bölgədə mövcud olan turizm potensialından daha səmərəli istifadə edilməsi üçün münbit infrastrukturun yaradılmasına yönəlib.O, eyni zamanda bölgənin sosial-iqtisadi inkişafı baxımından da mühüm rola malikdir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şahdağ” elektrik stansiyasında aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmət qrafikə uyğun olaraq vaxtında göstərilmişdir. Məhz bunun nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ilin yanvar ayında da elektrik enerjisi istehsalında problem yaranmamışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.
Mənbənin bildirdiyinə görə, stansiyada cari ilin yanvar ayında 35,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal eidlmişdir.
Qeyd edək ki, 2015-ci il ərzində isə burada 345 milyon kilovatsaata yaxından elektrik enerjisi istehsal edilmişdir.
Onu da bildirmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istər ötən il ərzində, istərsə də cari ilin yanvar ayında elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
“Elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlarda nəzərdə tutulmuş bütün texniki xidmət işləri qrafikə uyğun olaraq, son üç ay ərzində görülmüşdür”, – deyən mənbə onu da bildirdi ki, hazırda generatorların hamısı normal iş rejimində, ümumiyyətlə stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.
Yei gəlmişkən, tələbatçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə aqreqatlarda aparılan təmir və texniki xidmət işləri stansiyanın təmir briqadası tərəfindən aparılır.
Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.
Xatırladaq ki, ümumi gücü 105 MVt olan “Şahdağ” elektrik stansiyası 12 ədəd porşen tipli aqreqatdan ibarətdir.