QIŞA TAM HAZIRLIQ GÖRÜLÜB
«Qəbələ REŞ» MMC-nin tərkibindəki Ağdaş və Göyçay elektrik şəbəkələri cari ilin payız-qış mövsümü üçün nəzərdə tutulmuş tədbirlərin icrasını başa çatdıraraq, istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edirlər.
Bu istiqamətdə “Ağdaş Elektrik Şəbəkəsi”ndə hansı işlər həyata keçirilib. Şəbəkənin məsul işçisinin “Azərenerji” ASC-nin Mətbuat xidmətinə bildirdiyinə görə, ötən aylar ərzində şəbəkə üzrə bütün 110 kilovoltluq və 35 kilovoltluq yarımstansiyalarda plan-qrafik üzrə əsaslı və cari təmir işləri aparılıb, mühafizələr yoxlanılıb. 46 transformator məntəqəsində (TM) təmir işləri görülüb. Şəhərin İstiqlal küçəsində 400 kVA gücündə transformator 630 kVA transformatorla, Ü.Hacıbəyov küçəsindəki 250 kVA transformator isə 400 kVA transformatorla dəyişdirilib. Padar küçəsində 250 kVA-lıq, «SU-18» qəsəbəsində 400 kVA-lıq, K.Kərimov küçəsindəki 250 kVA-lıq transformatorlar əsaslı təmirdən çıxarılıb.
Qeyd edək ki, kənd yaşayış məntəqələrində –Dəhnəxəlil, Gülbəndə, Xosrov, Dovutlu, Pirkəkə kəndlərindəki müxtəlif gücə malik transformatorlar qış mövsümünə hazırlıqla əlaqədar əsaslı təmir olunub. Kotanarx, Eymur, Cardam, Qaroğlan, Qaradağlı, Ovçulu və Şordəhnə kəndlərində yeni inşa olunan məktəblərin enerji təchizatını təmin etmək üçün 6 ədəd transformator məntəqəsi quraşdırılaraq istismara verilib. Bundan əlavə, bir uşaq bağçası üçün də ayrıca transformator məntəqəsi quraşdırılıb. Rayonun Yenikənd kəndində qaçqın və məcburi köçkünlər üçün 63 kVA-lıq, Pirəyir kəndində 100 kVA-lıq, Qaradeyin kəndində 160 kVA-lıq, Aşağı Ləkidə 100 kVA-lıq TM-ləri quraşdırılıb ki, bunlar da yeni yaşayış massivlərininn abonentlərinə xidmət göstərir.
Mənbənin digər məlumatına görə, 10 kV-lik xətlərin 20,5 kilometrə yaxın hissəsində əsaslı, 15,9 kilometrində isə cari təmir işləri görülüb. Həmçinin Yenikənddə, Aşağı Ləkidə, Cardamda, Kotanarxda, Qaradağlıda 2,5 kilometr uzunluğunda yeni 10 kV-lik xətt çəkilərək şəbəkəyə qoşulub. 0,4 kV-lik xətlərin isə 52 kilometrində əsaslı və cari təmir aparılıb.
“Göyçay Elektrik Şəbəkəsi”ndə əldə etdiyimiz məlumata görə, elektrik enerjisi istifadəçilərini fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, istehlak olunan enerji haqqının toplanması istiqamətində müəyyən təşkilati və texniki tədbirlər həyata keçirilib. Qəza və imtina hallarının minimuma endirilməsi üçün təmir-profilaktika işinin gücləndirilməsi daim diqqət mərkəzində olub. Şəbəkənin xidməti ərazisindəki 10 kV-lik xətlərin 9,7 kilometrində, 0,4 kV-lik xətlərin isə 14,8 kilometrində əsaslı və cari təmir işləri görülüb, 74 ədəd 0,4 kV-lik, 28 ədəd isə 10 kV-lik dayaq yenisi ilə əvəz olunub. 190-a yaxın transformatorda müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.