SƏMƏRƏLİLİK DAHA DA ARTIRILIR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, itkilərin azaldılması məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi energetiklərin  ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də  xidməti ərazilərində  bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. “Daşkəsən Eelektrik Şəbəkəsi” (EŞ) də bu qəbildən olan enerji təssərrüfatlarındandır.

Sözügedən EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində dayanıqlığın daha da artırılması, uçota nəzarəti gücləndirmək məqsədilə bir sıra müxtəlif təyinatlı təmir-bərpa işləri yerinə yetirilmişdir. Belə ki, ötən ilin son üç ayı ərzində 10 kilovoltluq iki kilometrdən artıq EVX  təmir edilmişdir. Analoji təmir işləri 0,4 kV-lik elektrik verilişi xətlərində və transformator məntəqələrində də aparılıb. Ümumilikdə, səmərəliliyin daha da artırılması məqsədilə sözügedən dövrdə həmin bu xətlərin 3 kilometrə yaxın təmir edilmiş, 30-dan artıq sayğac quraşdırılmış, 8 TM və ümüumi gücü 2,2 MVA-dan artıq olan 9 transformator da təmir edilmişdir.

Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə ötən ilin noyabr ayındakı ümumi istehlak 2012-ci ilin eyni dövründəki  istehlak ilə müqayisədə 625 min kilovatsaata yaxın artaraq 2,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2012-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 49 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 934 min kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2012-ci ilin eyni dövründəki istehlakdan 96 min kilovatsaat azdır. Hesabat dövründə ödəniş isə 2012-ci ilin eyni dövrü ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır. Qeyd edək ki, ötən ilin 11 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 24,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2012-ci ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 3,5 milyon kilovatsaata yaxın azalmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 8,9 milyon kilovatsaata yaxın və 102 min kilovatsaatdan artıq olmuşdur.  Eyni zamanda ödənişdə mütləq artım isə 8 faiz olmuşdur.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, ötən ilin 11 ayı ərzində  müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 165-dən çox istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 528,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 31.7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 35 faizə yaxın  hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, ötən ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 15 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 32,7 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.

Sonda onu da qeyd edək ki, ötən ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı aşkar edilmiş qayda pozuntularına görə 12 istehlakçı barəsində toplanmış sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir.