QƏNAƏTBƏXŞ NƏTİCƏLƏR ƏLDƏ EDİLİR
Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş “Astara” elektrik stansiyasında aqreqatların dayanıqlı işi ilə əlaqədar istismar həddinə uyğun növbəti texniki xidmət yerinə yetirilmişdir.
Elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, stansiyada ötən ay da uğurlu nəticə əldə edilmişdir. Belə ki, cari ilin noyabr ayında enerji obyektində 24,3 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, stansiyada cari ilin 11 ayı ərzində bu rəqəm 234,1 milyon kilovatsaat təşkil etmişdir.
Səmərəlilik baxımından yüksək standartlara cavab verən “Astara” elektrik staniyasında enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalı üzrə digər texniki göstəricilərdə də müsbət nailiyyətlər əldə edilmişdir.
Mənbədən o da bildirilir ki, iş səmərəliliyinin artırılması, mövsümə hazırlıq üzrə tərtib edilmiş tətbirlər planına uyğun olaraq cari ilin son 3 ayı ərzində 7 aqreqatda növbəti istismar həddinə uyğun texniki qulluq yerinə yetirilib. Eyni zamanda 3 saylı aqreqat da əsaslı təmirdən sonra işə qoşulmuşdur. Bundan əlavə, ilkin yağ nasoslarında təmir işləri aparılmış, ventilyasiya mühərriklərinin yastıqlarına və hava kompressoruna da texniki qulluq göstərilmişdir. Qış mövsümü ilə əlaqədar olaraq lazımi miqdarda sürtkü yağları və kimyəvi reagentlər ehtiyatı toplanmışdır. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Stansiyada yanğın təhlükəsizliyi məsələləri də daima diqqət mərkəzindədir. Belə ki, stansiyada yanğın təhlükəli obyektlərə mütəmadi olaraq baxış keçirilir qeydə alınan ən kiçik nasazlıqlar belə aradan qaldırılır. Xatırladaq ki, ümumi gücü 87 MVt olan bu stansiya 10 aqreqatdan ibarətdir.