“ASTARA ES”: TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR

Image

Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş “Astara” elektrik stansiyasında (ES) da aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər istismar həddinə uyğun şəkildə qrafikə uyğun və vaxtında göstərilmişdir. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Stansiya işə başladığı gündən  qrafikə uyğun olaraq normal iş şəraitində fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  cari ilin yanvar ayında stansiyada 18,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, müəssisə həmişə olduğu kimi 2015-ci il ərzində də dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynamışdır. Belə ki, sözügedən dövr ərzində burada 220,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istər ötən il ərzində, istərsə də cari ilin yanvar ayında elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Mənbə onu da bildirdi ki, son üç ay ərzində növbəti istismar həddinə uyğun olaraq müvafiq aqreqatlarda texniki qulluq işləri yerinə yetirilmiş və bir neçəsində isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən, aqreqatların soyutma və yağlama sistemlərində yaranan qüsurlar aradan qaldırılmışdır.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər.

Sonda onu da qeyd edək ki, burada da yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar olaraq ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır.

Xatırladaq ki, Dövlət Proqramına uyğun olaraq bölgənin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə istismara verilmiş “Astara” elektrik stansiyası 10 aqreqatdan ibarət olub, ümumi gücü  87 MVt təşkil edir.