MÜHÜM ADDIMLAR ATILIR
“İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə elektrik şəbəkəsi müəssisələrində mühüm addımlar atılır. Əməkdaşlarımız həmişə olduğu kimi, bundan sonra da istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəklər”.
Bu barədə “Naftalan” elektrik şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir. Cari ilin son üç ayı ərzində müvafiq tədbirlər uğurla yerinə yetirilmişdir. Qeyd edək ki, 10 kV-lik I “Sanatoriya” və şəhər mərkəzində 0,4 kV-lik elektrik verilişi xətləri və 16 transformator məntəqəsində icra edilmiş müxtəlif təyinatlı təmir-bərpa işləri eyniadlı ərazi vahidlərində enerji daşıyıcıların dayanıqlığını daha da artırmış, iş qabiliyyətini daha da gücləndirmişdir. Qeyd edək ki, həyata keçirilən tədbirlər planı qış fəslininuğurlu keçməsinin qarantıdır.
Mənbədən o da bildirilir ki, şəbəkə üzrə yanğından mühafizə tədbirləri də daim diqqət mərkəzindədir. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif gərginlikdə olan xətlərin trassası yaşıl kütlədən, TM-lərin ərazisi yanğın törədə biləcək tullantılardan təmizlənmiş və digər qabaqlayıcı tədbirlər görülmüşdür.
“Elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir”, – deyən mənbə onu da bildirdi ki, müəssisənin xidməti ərazisində cari ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı 4 qayda pozuntusu faktı (bunun 3-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) aşkar olunmuşdur. Nəticədə 16,4 min kilovatsaata yaxın (bunun 13,7 min kilovatsaatdan çoxu məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 985 manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmiş və debitor borcun qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.
Mənbə onu da bildirdi ki, cari ilin noyabr ayında müəssisə üzrə 1,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 161 min kilovatsaata yaxın çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş mütləq 4 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 76 min kilovatsaat artaraq 329 min kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 7 faizə yaxın olmuşdur. Onu da qeyd edək ki, cari ilin 11 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 459 min kilovatsaatdan çox artaraq 12,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 6 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 353 min kilovatsaat artaraq 3,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 9 faizə yaxın olmuşdur. Sonda onu da qeyd edək ki, dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənəvi təmir-bərpa işləri davam etdirilir.