QRAFİK ÜZRƏ NƏZƏRDƏ TUTULAN İŞLƏR BAŞA ÇATIB

Image

Dövlət müstəqilliyinin bərpasından sonra iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində yenidən qurularaq istismara verilmiş enerji müəssisələrindən biri də “Bakı İstilik Elektrik Mərkəzi”dir. Avadanlıqların istismarının və işlərin mövcud normativ tələblər əsasında aparılması stansiyanın dayanıqlığını daha da artırır. Bu da öz növbəsində texniki iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin yanvar ayında 46,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, müəssisədə 2015-ci il ərzində isə bu rəqəm 339,4 milyon kilovatsaata yaxın təşkil etmişdir.

Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istər ötən il ərzində, istərsə də cari ilin yanvar ayında elektrik enerji istehsalının digər texniki göstəricilərində yüksək nəticələr əldə edilmişdir.

Mənbədən stansiyada son üç ay ərzində həyata keçirilmiş təmir işləri ilə bağlı əldə etdiyimiz məlumata görə, 2 saylı qaz-turbin qurğusunda aparılan əsaslı  təmir işləri, 1 saylı qaz-turbin qurğusunun isə təftişi başa çatdırılmışdır. Eyni zamanda qaz-turbin qurğularının avadanlıqlarında, mazut təsərrüfatının su, buxar və yanğın xətlərində, kompressor təsərrüfatında, dəniz suyu xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı 110 kV-lik yarımstansiyanın da ərazisində müvafiq təmir işləri aparılmış və transformator təftiş edilmişdir. Eyni zamanda elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da təmir işləri yerinə yetirilmişdir. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir.

Mənbəyə istinadən onu da qeyd edək ki, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və daimi nəzarətdə saxlanılır. Eyni zamanda təzyiqi düşmüş yanğın öd söndürənlər yenisi ilə əvəzlənmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.

Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.