AVADANLIQLARA TEXNİKİ QULLUQ VAXTINDA GÖSTƏRİLİR

Image

Bu ilin  ötən on bir ayı ərzində “Şəki Elektrik Stansiyası”nda 282 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilərək ener­jisistemə ötürülüb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində digər texniki-iqtisadi göstəricilərdə də müsbət nəticələr əldə edilib. Stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.

Müəssisədən bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə məlumat verərkən onu da bildirdilər ki, enerji istehsalı üzrə proqnoz tapşırıqlarının yerinə yetirilməsi ilə yanaşı stansiyanın payız-qış mövsümünə hazırlığı, avadanlıqların keyfiyyətli istismarı daim diqqətdə saxlanılıb. Qəza və imtinaların sayının minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər də görülüb.

Qeyd edək ki, cari ilin on bir ayı ərzində stansiyanın təmir briqadası 5 mühərrik-generatorda növbəti işlər texniki qulluq  təlimatına uyğun həyata keçirib. Aqreqatlar hazırda normal rejimdə işləyir,  digər  mü­hər­­rik-generatorlarda da  istismar həddinə uyğun texniki xidmət işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, stansiyada yanğın əleyhinə hazırlığın daim  yüksək səviyyədə saxlanılması üçün avadanlıqlar, o cümlədən nasos qurğularının işlək vəziyyətdə olması vaxtaşırı yoxlanılır, işçilər təlimatlandırılır və müvafiq məşqlər keçirilir.

Sonda onu da qeyd edək ki, istehlakçılara daha keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsi, proqnozların uğurla yerinə yetirilməsi, stansiya ərazisinin daim abad vəziy­yət­də saxlanılması üçün kollektiv böyük əzmkarlıqla çalışır.