AVADANLIQLAR NÖVBƏTİ MÖVSÜMƏ HAZIRDIR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında ənənəvi təmir-bərpa işləri yerinə yetirilir. “Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Şabran Elektrik Şəbəkəsi”ndən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri görülüb. O cümlədən, cari ilin son üç ayı ərzində 10 kV-lik “Rəhimli”, “Qorqan”, “Düzbilici”, “Çölquşçu” və digər hava xəttlərinin (HX) 1,5 kilometri yenidən qurulmuşdur. Bu məqsədlədə 24 ədəd yeni dayaq basdırılmışdır. Ümumiyyətlə, 10 və 6 kV-lik HX-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı xətlərin 2,3 km-i təmir edilmiş, 1,8 km-i isə yenilənmiş və 1,5 km məsafədə naqillər dartılmışdır.
Qeyd edək ki, şəbəkə üzrə texnoloji itkilərin azaldılması və texniki tədbirlərin icrası istiqamətində isə 0,4 kV-lik şəbəkələr üzrə 6,2 km-ə yaxın naqil və 36 dayaq dəyişdirilmişdir. Onu da qeyd edək ki, 18 TM və KTM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı texnoloji itkiləri azaltmaq və transformatorlardan səmərəli istifadə etmək məqsədilə transformatorların gücləri ilə yüklərinin uyğunluğuna baxış keçirilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin oktyabr ayında müəssisə üzrə 5,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 470 min kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 333 min kilovatsaata yaxın artaraq 2,4 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə enerji haqqının ödənişində mütləq artım 7 faizə yaxın olmuşdur. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 10 ayı ərzində isə 49,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 806 min kilovatsaatdan çox azalmış, ödənişdə mütləq artım isə 7 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyon kilovatsaata yaxın azalaraq 20,4 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 3,4 faiz olmuşdur.
Yeri gəlmişkən, rayonun enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.