YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Enerjitəchizat müəssisəsinin daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün qabaqlayıcı tədbirlər davam etdirilir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər enerji obyektlərində olduğu kimi “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) eyni adlı şəbəkə sahəsinin xidməti ərazisinə aid olan enerji obyektlərində icra edilmiş, eyni zamanda icrasına başlanmış tədbirlər ötürücü şəbəkənin daha da dayanıqlığının təmin olunmasına xidmət edir.

Mənbənin bildirildiyinə görə, 110 kV-lik “Qala” yarımstansiyasında 40 MVA-lıq transformator əsaslı təmir olunmuş, 110 kV-lik açıq paylayıcı quruluşda (APQ) 1-ci şin sistemində gərginlik transformatoru yeni tiplisi ilə əvəz edilmişdir. Eyni zamanda APQ-də “Dübəndi” hava xəttinin (HX) cərəyan transformatoru da yenilənmişdir. Bütün bunlarla yanaşı həmin bu xəttdə yeni tipli rele və digər avadanlıqlar da quraşdırılmışdır.

Mənbəyə istinadən qeyd edək ki, sahənin xidməti ərazisində olan 220 kV-lik “Nizami” yarımstansiyasında 220 kV-lik  2-ci “Hövsan” HX-nin mühafizə və idarəetmə dövrələri, 1 saylı transformatorun isə mühafizələri yoxlanılmışdır. Eyni zamanda 110 kV-lik bir kabel xəttinin və bir neçə bölmənin yağ açarları eleqaz açarlarla əvəz edilmişir. Yeri gəlmişkən, analoji işlər 220 kV-lik “Hövsan” yarımstansiyasında da həyata keçirilmişdir.

“Bütün bunlarla yanaşı 110 kV-lik “Dübəndi” yarımstansiyasında APQ-də eynigərginlikli ayrıcılar dəyişdirilmişdir. Eyni zamanda “Dərbənd” yarımstansiyasında APQ-də yağ açarları eleqaz açarlarla əvəz olunmuş və burada yenidənqurma işləri davam etdirilir”, – deyən mənbə onu da qeyd etdi ki, həyata keçirilən tədbirlərin siyahısına 110 kV-lik “Əhmədli”, “Maştağa”, “8-ci km”, yarımstansiyalarında aparılan yenidənqurma və təmir işləri də daxildir.

“Müəssisənin xidməti ərazisində təmir qrafikinə uyğun əsaslı və cari təmir işləri həmişə keyfiyyətlə yerinə yetirilir”, – deyən mənbə onu da vurğuladı ki, təmir işləri elektrik verilişi xətlərindən də yan ötməmişdir. Belə ki, 110 kV-lik ikidövrəli 1-ci “Əhmədli” və 1-ci “Zığ” HX-nin 25 dayağı dəyişdirilmiş, naqillər yenisi ilə əvəz olunmuş və işlər davam etdirilir. 2-ci və 3-cü “Əhmədli” HX-nin isə 8 dayağı və naqilləri yenilənmişdir. Analoji işlər 2-ci “Suraxanı” və 5-ci “Ramana” HX-lərində də həyata keçirilmişdir.

Digər yenidənqurma və müxtəlif təyinatlı təmir işlərindən danışan mənbə onu da bildirdi ki, müvafiq enerji obyektlərində aparılan yenidənqurma işləri istehlakçıların  mövcud iqlim şəraitində enerjiyə olan tələbatını daha da dayanıqlı və effektiv etmişdir.

Sonda onu da qeyd edək ki, digər təmir işlərilə yanaşı, yarımstansiyalarda yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamərində də müvafiq tədbirlər yerinə yetirilib. Elektrik verilişi xətlərinin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan təmizlənmiş, güc transformatorlarında yağ sızmaları aradan qaldırılmış və digər zəruri təhlükəsizlik tədbirləri yerinə yetirilimişdir.   O cümlədən, mü­hafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edildikdən sonra aşkarlanan qüsurlar aradan qaldırılıb. Eləcə də bütün yarımstansiyalar ilkin yanğınsöndürmə avadanlıqları ilə təmin olunub, eyni zamanda 220 kV-lik “Nizami”, 110 kV-lik “Əhmədli”, “8-ci km” yarımstansiyalarında su hövuzlarının yaxınlığında yanğınsöndürmə üçün köpük çənləri quraşdırılmışır. Xatırladaq ki, “Abşeron Regional Elektrik Şəbəkəsi” (REŞ) Bakı və Abşeron şəbəkə sahələrini birləşdirir.