“ŞİRVAN REŞ”DƏ DƏ TƏMİR KAMPANİYASI DAVAM EDİR

Image

Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki  göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi, o cümlədən qış mövsümünün uğurla başa çatdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir. Şəbəkədən balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində və yarımstansiyalarda  ötən ilin  son üç ayı ərzində görülmüş cari və əsaslı təmir işləri barəsində “Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, xidməti ərazidə olan enerjitəchizatı müəssisələrinin daha da keyfiyyətli və davamlı elektrik enerjisi ilə təminatı kollektivin ən ümdə tapşırıqlarından biridir. Bu məqsədlə də 330 kV-lik 3-cü “İmişli”, 6-cı “Cənub”, 3-cü “Şirvan”, 220 kV-lik 4-cü və 5-ci “Cənub” elektrik verilişi xətlərində (EVX) ümumilikdə 9 kilometrdən artıq xətt əsaslı təmir edilmiş, 650-ə yaxın izolyator isə yenisi ilə əvəz edilmişdir. 110 kV-lik 3-cü “Ucar”, 4-cü “Kürdəmir”, 1-ci “Cənub” və digər daha 9 ədəd hava xətlərinin (HX) ümumilikdə 28 kilometrdən artıq hissəsi əsaslı təmir edilmiş, 875-dən artıq izolyator dəyişdirilmişdir. O cümlədən, həmin bu vaxtda 1-ci “Lənkəran” HX-nin 11 kilometrdən artıq hissəsi əsaslı təmir edilmişdir.

Mənbədən onu da bildirdilər ki, təmir-bərpa işləri müəssisənin xidməti ərazisində yerləşən yarımstansiyalardan da yan ötməmişdir. Belə ki, hesabat dövründə 110 kV-lik “Astara” yarımstansiyasında 2 saylı 25 MVA transformatorun 110 kV-lik tərəfində eleqaz açarı və cərəyan transformatoru yenisi ilə əvəz edilmiş; 2-ci “Şəhər” HX-nin yağ açarı müasir tipli vakuum açarla əvəz edilmiş; 1 saylı 15 MVA transformatorun 10 kV-lik giriş yağ açarı, 2 saylı 25 MVA transformatorun 35 və 10 kV-lik yağ açarları təmir edilmişdir. “Salyan” yarımstansiyasında isə 2 saylı 63 MVA transformator və eyni zamanda həmin bu yarımstansiyadan çıxan 35 və 6 kV-lik müxtəlif adda 15-dən artıq HX-lərin yağ açarları əsaslı təmir edilmişdir. Yeri gəlmişkən, 110 kV-lik  “Ələt” yarımstansiyasında eyni gərginlikli 4-cü “Ələt” HX-nin eleqaz açarı, 1 və 2 saylı 63 kVA xüsusi sərfiyyat transformatorları təmir edilmiş, 2 saylı 20 MVA transformatorun əsaslı təmiri isə davam etdirilir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə isə, sözügedən dövrdə 330 kV-lik “İmişli” və “Ağcabədi”, 220 kV-lik “Masallı”, 110 kV-lik “Masallı”, “Kürdəmir”, “Sığırlı” və digər bir neçə yarımstansiyalarda müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən müxtəlif gücdə olan transfomatorlar təmir edilərək normal iş rejiminə gətirilmiş, hava xətlərinin yağ açarlarının yenisi ilə əvəz edilməsi işi həyata keçirilmişdir. İcrası reallaşdırılan tədbirlər enerji ötürücülərində dayanıqlığın  yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar açır.

Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisənin balans mənsubiyyətinə aid yuxarı gərginlikli EVX-lərdə və yarımstansiyalarda yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin bu dövrdə yağtutumlu avadanlıqlara baxış keçirməklə aşkar edilmiş nasazlıqlar aradan qaldırılmış, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmiş, eyni zamanda EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan təmizlənmişdir. Bütün bunlarla yanaşı 170-ə yaxın müxtəlif çəkidə ilkin yanğınsöndürmə balonları yenidən  doldurularaq aidiyyəti üzrə yarımstansiyalara paylanmışdır.

Şəbəkədən verilən məlumata istinadən yerinə yetirilən və hazırda davam etdirilən təmir-bərpa işləri bölgənin enerji təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.