TƏMİR İŞLƏRİ APARILIR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, itkilərin azaldılması məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi energetklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi, “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də xidməti ərazilərində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Ən əsası isə respublika enerjisistemi üçün strateji əhəmiyyətə malik sistem təşkiledici şəbəkə xüsusi diqqət mərkəzindədir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və cari ilin son üç ayı ərzində görülmüş işlər barəsində o da bildirilir ki, müəssisənin balans mənsubiyyətinə aid olan 35 kV-lik və ondan yuxarı gərginlikli elektrik verilişi hava xətlərinin (EVHX) sözügedən dövr ərzində bir kilometrə yaxın naqil, 900-ə yaxın izolyator və üç dayaq yenisi ilə əvəz edilmişdir. Eyni zamanda metal dayaqların qaynaq birləşmələrinə baxış keçirilmiş və aşkar edilmiq qüsurlar aradan qaldırılmış və hava xətlərinin trassası yaşıl kütlədən təmizlənmişdir. Qeyd edilən işlər mütəmadi olaraq davam etdirilir.
Mənbə onu da qeyd etdi ki, sözügedən dövrdə 500 kV-lik “Samux” yarımstansiyasında ehtiyat qida mənbəyi olan generatorun quraşdırılması üçün hazırlıq işlərinə başlanmış, idarəetmə şkafı quraşdırılmış, əks-qəza avtomatik kabelləri çəkilərək sxemə qoşulmuşdur. Eyni zamanda 330 kV-lik “Gəncə” yarımstansiyasında eyni gərginlikli V “Mingəçevir”, IV “Ağstafa”, 110 kV-lik VII “Cəncə”, II “Mərkəz” və digər bir neçə HX-nin eleqaz açarları və cərəyan transformatorları təmir olunmuşdur.
Digər təmir işlərindən danışan mənbə onu da bildirdi ki, 330 kV-lik “GAZ” yarımstansiyasında 1 saylı 200 MVA avtotransformator, I “GAZ” HX-nin elektrik avadanlıqları təmir olunmuş, eyni zamanda ehtiyat qida mənbəyi olan generatorda müvafiq işləri başa çatdırmaqla generator işçi vəziyyətət gətirilmişdir. Eyni zamanda 110 kV-lik “Maşınqayırma” yarımstansiyasında 1 və 2 saylı transformatorlara və şin ayrıcılarına eleqaz açarlar quraşdırılmışdır. Bütün bunlarla yanaşı 110 kV-lik “Gəncə-1” yarımstansiyasında isə 35 kV-lik I-II “Yeni Qəsəbə” HX-yə eleqaz açarlar quraşdırılmışdır. Qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik “YPK”, “Qovlar”, “Melxior” və digər bir neçə yarımstansiyada, transformatorlarda və digər elektrik avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, digər müəssisələrdə olduğu kimi, burada da yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Belə ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq sistem təşkiledici 110-500 kV-lik yarımstansiya və EVX-lərə növbədənkənar baxışlar keçirilir, ərazidən quru otlar təmizlənmiş, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılaraq normal səviyyəyə gətirilmiş və digər qabaqlayıcı tədbirlər görülmüşdür.
Sonda onu da qeyd edək ki, cari ilin son üç ayı ərazisində Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy EŞ-lərin xidməti ərazilərində yerləşən 10, 6 və 0,4 kV-lik şəbəkələrdə də böyük həcmdə yenidənqurma işləri aparılmış və bu istiqamətdə işlər hazırda da davam etdirilir.