MÖVSÜMİ TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR
Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində mütərəqqi texnologiyalar əsasında müstəqilliyimiz dövründə tamamilə yenidənqurulmuş elektrik stansiyalarından biri də “Bakı İstilik Elektrik Mərkəzi”dir (İEM). Digər enerji obyektlərində olduğu kimi burada da mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində həm elektrik, həm də istilik enerjisi istehsalı üzrə ixtisaslaşmış bu müəssisədə istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki–iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir. Mənbənin bildirdiyinə görə, dispetçer qrafikinə uyğun olaraq müəssisədə cari ilin oktyabr ayında 58,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 10 ayı ərzində bu rəqəm 425,4 milyon kilovatsaatdan artıq təşkil etmişdir.
Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həm elektrik, həm də istilik enerjisinin buraxılışında digər texniki göstəricilərdə də müsbət nailiyyətlər əldə edilmişdir.
Mənbədən cari ilin son üç ayında görülmüş təmir işləri barəsində əldə etdiyimiz digər bir məlumata görə, 110 kV-lik yarımstansiyanın ərazisində müxtəlif təyinatlı təmir işləri aparılmış və transformator təftiş edilmişdir. O cümlədən, eleqaz açarları, gərginlik transformatorları quraşdırılmış, yağ açarları təmir olunmuşdur. Eyni zamanda elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da əsaslı təmir işləri yerinə yetirilmişdir. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir.
Onu da qeyd edək ki, sözügedən dövrdə qaz-turbin qurğularında və onun digər avadanlıqlarında da müvafiq təmir işləri həyata keçirilmişdir. Ümumiyyətlə isə payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planınında qrafik üzrə nəzərdə tutulmuş işlər başa çatdırılmışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Yanğın təhlükəsizliyi ilə əlaqədar verilən məlumatda bildirilir ki, 2 saylı yanğın su hovuzuna baxış keçirilmiş, stansiyada yanğınsöndürmə su xətləri saz vəziyyətə gətirilmiş, ərazi quru otlardan təmizlənmiş və digər qabaqlayıcı tədbirlər görülmüşdür.
Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.