“QUBA EŞ”: TƏMİR İŞLƏRİ DAVAM EDİR
Respublikamızın enerji müəssisələrində payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. “Xaçmaz Regional Elektrik Şəbəkəsi”nin əhatə etdiyi rayonlarda da bu istiqamətdə məqsədyönlü tədbirlər əvvəlcədən tərtib olunmuş qrafik əsasında həyata keçirilir. Görülmüş və davam etdirilən tədbirlər elektrik enerjisinin texniki itkisinin minimum səviyyəyə salınması ilə yanaşı şəbəkələrin istismar vəziyyətini daha da yaxşılaşdırır.
Müəssisədən “Quba Elektrik Şəbəkəsi” (EŞ) üzrə görülmüş işlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində 10 və 6 kV-lik “Kollec”, “Tüləkaran”, “Atuc”, “Zizik” və digər hava xətlərində (HX) müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən həmin xətlərin 11 kilometrə yaxını tamamilə yenilənmiş, 19,3 km-ə yaxın hissəsi isə təmir edilmişdir. Eyni zamnda balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərin isə 8 kilometrə yaxın hissəsi təmir edilmişdir. Bütün bunlarla yanaşı 40-a yaxın dayaq yenisi ilə əvəzlənmiş, 10, 6 və 0,4 kV-lik xətlər üzrə 5,6 km məsafədə budama işləri, 9 km məsafədə naqillərin taramlanması, 40 dayağın düzləndirilməsi və s. istismar işləri də aparılmış və işlərin icrası davam etdirilir. Qeyd edək ki, təmir işləri EŞ-in xidməti ərazisində olan transformator və komplekt transformator məntətəqələrindən də (TM, KTM) yan keçməmişdir. Belə ki, sözügedən dövrdə iki transformator daha güclüsü ilə əvəzlənmişdir. Eyni zamanda 20 KTM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, müxtəlif gücdə 5 transformator da təmir edilərək abonentlərin istifadəsinə verilmişdir. Yeri gəlmişkən, Quba rayonunun paylayıcı şəbəkələrinin enerji təchizatı 890 km-ə yaxın 10 və 6 kV-lik, 1500 km-dən artıq 0,4 kV-lik EVX və ümumi gücü 210 MVA-ya yaxın olan 1160-a yaxın transformator vasitəsilə həyata keçirilir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində 12,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1.3 milyon kilovatsaata yaxın çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 17 faizdən çox artmışdır. O cümlədən, ötən ilin müvafiq dövrü ilə müqayisədə daimi əhali istehlakçı qrupu üzrə istehlak 463 min kilovatsaat artmış, ödənişdə mütləq artım isə 20 faizə yaxın olmuşdur.
Onu da qeyd edək ki, cari ilin oktyabr ayında daimi əhali istehlakçı qrupu üzrə istehlak 7,4 milyon kilovatsaatdan artıq olmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 milyon kilovatsaatdan çox artararaq 111,5 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş 13 faizdən çox mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 milyon kilovatsaata yaxın azalaraq 61,6 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 13 faizə yaxın artmışdır.