TƏMİR KAMPANİYASI UĞURLA YERİNƏ YETİRİLİR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və itkilərin azaldılması məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda, eyni zamanda transformator məntəqələrində (TM), paylayıcı şəbəkələrdə əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi energetiklərin ən mühüm vəzifələrindən biridir.
“Tərtər Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, Tərtər rayon və kəndlərində əhalinin elektrik enerjisinə olan tələbatının daha da keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə cari ilin son üç ayı ərzində 10 kV-lik “Mamırlı”, 3 saylı “İvəvanlı”, 1 saylı “Sarov” və digər hava elektrik verilişi xətlərində zədəli naqillər yeniləri ilə əvəz edilmiş, dayaqlar dəyişdirilmiş, travers quraşdırılmış, xətlərin trassası yaşıl kütlədən təmizlənmiş, əyri dayaqlar düzləndirilmiş və naqillərin qabariti bərpa olunmuşdur.
Analoji tədbirlər Seydimli, Qaraqoyunlu, Mamırlı, Hacıqərvənd və digər kəndlərində, eyni zamanda rayon mərkəzində olan 0,4 kV-lik xətlərdə də yerinə yetirlmişdir. Ümumiyyətlə, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik EVX-lərin 10,2 km-də əsaslı və cari təmir işləri aparılmış, o cümlədən bir km xətt yenilənmiş, 7 dayaq dəyişdirilmiş və 5 travers quraşdırılmışdır. Qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan TM-lərin 16-da isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Mənbə onu da bildirdi ki, təmir işləri ilə yanaşı elektrik enerjisindən qeyri qanuni istifadənin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir. Aşkar edilmiş pozuntu halları ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülüb. Belə ki, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 72 istehlakçının (bunun 64-i məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 423,7 min kilovatsaata yaxın (bunun 354,4 min kilovatsaatdan çoxu məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 4,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Yeri gəlmişkən, cari ilin 10 ayı ərzində isə sözügedən qayda pozuntusuna görə 775-dən artıq akt (bunun 680-ı məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) tərtib olunmuş, 4 milyon 402,7 min kilovatsaata yaxın (bunun 2 milyon 660,7 min kilovatsaata yaxını məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 264,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 90 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Onu da qeyd edək ki, cari ilin oktyabr ayında müəssisə üzrə 9,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1,8 milyon kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 1,3 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ödən ilin eyni dövrü ilə nüqayisədə 110 min kilovatsaatdan çox artaraq 1,9 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 8 faizdən çox olmuşdur. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 10 ayı ərzində isə 95,3 milyon kilovatsaatdan çox elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 7,8 milyon kilovatsaata yaxın çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım isə 7 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 20,6 milyon kilovatsaatdan artıq, bir milyon kilovatsaatdan çox azalmış və 6 faizə yaxın olmuşdur.
Sonda onu da qeyd edək ki, ümumiyyətlə istehlakçıların elektrik enerjisinə tələbatının daha da dayanıqlı ödənilməsi enerji təchizatçılarının başlıca vəzifəsidir. Tərtər rayon elektrik şəbəkəsinin kollektivi də bu vəzifəni layiqincə yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etmişdir.