YARIMSTANSIYANIN GÜCÜ ARTIRILIB
“Abşeron Regional Elektrik Şəbəkəsi”ndə ilin ötən aylarında məqsədyönlü işlər həyata keçirilib. Müəssisədən bu barədə Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, 220/110 kilovoltluq “Səngəçal” yarımstansiyasındakı bütün yağ açarları keyfiyyət parametrləri və bütün texniki göstəriciləri ilə seçilən eleqaz açarları ilə dəyişdirilib. Həmçinin oradakı 1 saylı 125 MVA-lıq transformator 200 MVA-lıqla əvəz olunub. Eyni zamanda, əvvəllər istifadə olunan hava açarları yeniləri ilə əvəz olunduğundan kompressor qurğusu tamamilə ləğv edilib.
Həmçinin enerjisistem üçün xüsusi əhəmiyyəti ilə seçilən “Müşfiq” yarımstansiyasında 250 MVA gücündə olan üçüncü transformator quraşdırılıb və hazırda istismar səviyyəsindədir. Bu obyektin dayanıqlığının artırılması məqsədilə yarımstansiyaya “Səngəçal Elektrik Stansiyası”ndan 2 ədəd 110 kilovoltluq xəttin çəkilməsi təmin olunub. Hazırda bu istiqamət üzrə də son tamamlama işlərinin reallaşdırılması işləri gedir.
500 kV-lik “Abşeron” yarımstansiyasında 330, 220 və 110 kV-lik rejimdə işləyəcək üçüncü avtotransformatorun quraşdırılması da başa çatdırılıb. Hazırda mühafizə dövrələrinin quraşdırılması üzrə tamamlama işləri aparılmaqdadır. Yaxın zaman kəsiyində onun da sxemə qoşulması nəzərdə tutulur. Yarımstansiyanın 220 kV-lik hissəsində rekonstruksiya işləri aparılmaqdadır.
Cari il üçün kollektivin əsas uğurlarından biri də 220 kV-lik “Zabrat” yarımstsiyasının işə qoşulması olub. Burada 2 ədəd avtotransformator istismar olunur. Obyekt 1 və 2-ci “Zabrat” hava xəttı ilə 220 kV-lik “Sənaye qovşağı” yarımstansiyasından və “Sumqayıt Elektrik Stansiyası”ndan gəlib sistemə daxil olaraq 3-4-cü “Hövsan” hava xətti vasitəsilə “Hövsan” yarımstansiyası ilə əlaqələnir. Bununla əlaqədar olaraq “Hövsan” yarımstansiyasında 5 və 6-cı bölmələr tikilib. Qeyd olunanlar da ümumilikdə 220 kV-lik sistemin keyfiyyətinin daha da artırılmasına xidmət edir.
Məlum olduğu kimi 2015-ci ildə “Birinci Avropa yay olimpiya oyunları”nın Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Böyük şor qəsəbəsi ərazisində 65 min nəfər tutumu olan stadion tikilir. Həmin idman infrastrukturunun keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması və bütünlükdə enerjisistemin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaxınlıqda “Böyük şor” yarımstansiyası inşa olunur. Burada hər birinin gücü 250 MVA olan 3 avtotransformator quraşdırılıb. Artıq 220 və 110 kV-lik paylayıcı quruluşlarda quraşdırma işləri gedir.
Bu günlərdə - konkret olaraq noyabrın əvvəlindən 110/35/6 kV-lik “Bayıl” yarımstansiyası da işə qoşulub. Bu yarımstansiya yerin altında olmaqla 3 mərtəbədən ibarətdir. Orada hər birinin gücü 80 MVA olan 2 transformator fəaliyyət göstərir.
Şəbəkədə uzun illərdən bəri istismar edilmiş ağac dayaqlar sistemli şəkildə dəmir-beton dayaqlarla əvəz olunur. “Qala”, “Zığ”, “Şimal”və “Dübəndi” xətlərində yenidənqurma işləri sistemli şəkildə aparılır. Müəssisənin strukturuna daxil olan Bakı şəbəkə rayonunun xidmət sahəsində də böyük işlər görülməkdədir. Buna misal olaraq “Cənub” və “Səngəçal” xətlərinin keçdiyi trassalarda dayaqların dəyişdirilməsi göstərilə bilər.