MƏQSƏD ŞƏBƏKƏLƏRİN YENİDƏN QURULMASINA NAİL OLMAQDIR

Image

“Bağlar Elektrik Şəbəkəsi”nin (EŞ) xidməti ərazisində istehlakçıların enerji təchizatı sisteminin təkmilləşdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, paylayıcı şəbəkələrdə aşkar edilən texniki problemlərin aradan qaldırılması, istismarın səviyyəsinin yüksəldilməsi, zəruri yenidənqurma işlərinin aparılması istiqamətində davamlı tədbirlər görülür. Həyata keçirilən təmir-bərpa işləri qış aylarında istehlakçıların daha da keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan yaradacaqdır. Hazırda bu sahəyə cavabdehlik daşıyan energetiklər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik enerjisi təchizatının dayanıqlığının daha da möhkəmləndirmək məqsədilə cari ilin son üç ayı ərzində 6 kV-lik “Novxanı” HX-dən qidalanan bir yeni TM quraşdırılaraq istismara verilmişdir. Eyni zamanda 6 kV-lik “Fider-1” HX-dən qidalanan 250 KVA gücündə transformator 400 KVA ilə əvəzlənmişdir. Bundan əlavə texniki itkilərin azaldılması məqsədilə “Bağ-3” HX-dən qidalanan 100 kVA güc transformatoru sistemdən çıxarılaraq,  istehlakçılar 0,4 kV-lik SİP kabel xəttinə qoşulmuşdur. Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan KTM-lərin 25-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, eyni zamanda müxtəlif gücdə 15 transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Bütün bunlarla yanaşı müəssisənin xidməti ərazisində olan 6 kV-lik xətlərdə də müvafiq təmir işləri həyata keçirilmiş, dayaqlar dəyişdirilmiş, xəttin trassası yaşıl kütlədən təmizlənmişdir.

Mənbə onu da bildirdi ki, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 80-dən artıq istehlakçının (bunun 75-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 177,2 min kilovatsaatdan artıq (bunun 82 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 10,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada 740-dan artıq istehlakçının (bunun 687-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntularına görə 2 milyon 214,4 min kilovatsaata yaxın (bunun 1 milyon 605,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 132,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 65 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidmət ərazisində 10,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1,2 milyon kilovatsaat çoxdur. Ümumi ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 14 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 7,1 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 942 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 10 faiz artmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 2 milyon kilovatsaata yaxın artaraq 119,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 12 faizdən artıq təşkil etmişdir.  O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 76 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 4,5 milyon kilovatsaata yaxın azdır. Ödəniş ilə ötən ilin eyni dövründəki göstəricidən mütləq 9 faizə yaxın artmışdır.