“SUMQAYIT ES”: TEXNİKİ-İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR
Enerjidən istifadənin ətraf mühitə mənfi təsirini azalda biləcək layihələrin işlənib hazırlanması əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələri bu problemin həlli ilə əlaqədar maraqlı tədbirlər həyata keçirirlər. Respublika elektrik enerjisi sistemində də bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. O cümlədən, respublikanın ikinci sənaye şəhəri olan Sumqayıtda da bu işlər uğurla həyata keçirilir. Belə layihələrdən biri ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyasıdır. Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin etmişdir. Bundan əlavə enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var. Stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Sözügedən stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,
cari ilin oktyabr ayında burada 173,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə 2 milyard 503 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Mənbə onu da bildiurdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasında digər texniki iqtisadi göstəricilərdə də müsbət nəticələr əldə edilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, stansiyanın optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilmişdir. Payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulmuş işlər əsasən başa çatdırılmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin oktyabr ayının sonlarından başlayaraq stansiyanın əsas avadanlıqlarında təftiş işləri başlanılmışdır. Bundan əlavə, layihə əsasında dəniz su sistemində yeni dövretmə xəttinin və nasosxananın tikintisinə başlanmışdır. Tikinti quraşdırma işləri davam edir.
Yeri gəlmişkən, digər müəssisələrdə olduğu kimi burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur. O cümlədən, stansiyanın konteyner meydançasının yanğın təhlükəsizliyini təmin etmək məqsədilə də əməli işlər həyata keçirilmişdir. Eyni zamanda, stansiyanın istehsalat xüsusiyyəti nəzərə alınmaqla, işçilərin biliklərinin artırılması məqsədilə təsdiq edilmiş cədvəl əsasında xüsusi yanğın təhlükəsizlik tədbirləri üzrə yanğın texniki minimum kursları keçirilir.
Xatırladaq ki, ümumi gücü 525 MVt olan bu stansiyada iki ədəd qaz və bir ədəd buxar turbini quraşdırılmışdır.