ENERJİ TƏHLÜKƏSİZLİYİ YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN EDİLİR

Image

Bakı şəhəri, Bakıətrafı kəndlər və ümumilikdə Abşeron yarımadasında enerjitəchizatı müəsissəsinin elektrik enerjisi təchizatının həyata keçirilməsində Abşeron Regional Elektrik Şəbəkəsinin (REŞ) özünəməxsus yeri və rolu var. Bütün enerji obyektlərində olduğu kimi burada da avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi sisteminin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində tədbirlər ötən ildə də uğurla həyata keçirilmişdir. O cümlədən, 500 kV-lik “Abşeron” yarımstansiyasında 220 kV-lik açıq paylayıcı quruluşda (APQ) yeni tikilən eyni gərginlikli “Böyük Şor” və “Qəbələ” hava xətlərtinin (HX) tikintisi üçün yeni quraşdırılmış yuvaların ikinci tərəf dövrələri yoxlanılmışdır.  110 kV-lik “Puta” yarımstansiyasında 2 saylı transformator əsaslı təmir edilmişdir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, Abşeron yarımadası üzrə, xüsusilə Paytaxtın enerji təminatının stabilliyinin və dayanıqlığının daha da möhkəmləndirilməsinin təmin edilməsi məqsədilə sistem əhəmiyyətli işlər qrafikə uyğun yerinə yetirilib və hazırda da davam etdirilir. Belə ki, 500 kV-lik “Abşeron” yarımstansiyasında eyni gərginlikli 2-ci “Abşeron” HX-nin yuvasında bir dəst boşaldıcı quraşdırılmış, 330 kV-lik 6-cı və 8-ci “Abşeron”, 3 saylı avtotransformatorun cərəyan dövrələri “AURA” qurğusuna qoşulmuşdur. Hazırda 220 kV-lik APQ-də yenidənqurma işləri davam etdirilir.

Mənbəyə istinadən qeyd edək ki, Bakı şəhərinin mərkəzi hissəsinin enerji təchizatının dayanıqlığının  daha da möhkəmləndiril­mə­si məqsədilə 220 kV-lik “Müş­viq” yarımstansiyasında eyni gərginlikli 5-ci “Cənub” HX-nin yuvasında gərginlik transformatoru, boşaldıcı, xətt ayrıcısı, 1 və 2 saylı şin ayrıcısı və 220 kV-lik APQ-də 2-ci bölmədə gərginlik transformatorları yenisi ilə əvəz edilmiş, hazırda bu APQ-də yeni ayrıcıların dəyişdirilməsi ilə əlaqədar yenidənqurma işləri aparılır.

Mənbə onu da bildirdi ki, müəsissənin balans mənsubiyyətinə aid olan 220 kV-lik “Səngəçal” yarımstansiyasında eyni gərginlikli “Böyük Şor” HX-nin yuvaları quraşdırılmış, 110 kV-lik APQ-nin layihə əsasında genişləndirilməsi işləri aparılaraq iki ədəd yuvanın quraşdırılması işləri davam etdirilir. 220 kV-lik  “Xırdalan” yarımstansiyasında isə 110 kV-lik APQ-də 3-cü “Puta”, 1-ci və 2-ci “Binəqədi”, 5-ci “Xırdalan” HX-lərin cərəyan transformatorları yenisi ilə əvəzlənmişdir.

Sözügedən REŞ-in Bakı Şəbəkə Rayonunun xidməti ərazisində qeyd edilən dövrdə görülmüş işlər barəsində ətraflı məlumat verən mənbə onu da bildirdi ki,  yenidənqurma işləri elektrik verilişi xətlərindən də yan ötməmişdir. Belə ki, dövlət əhəmiyyətli obyektlərin tikintisi ilə əlaqədar olaraq hesabat dövründə 110 kV-lik 2-ci və 4-cü “Binəqədi” HX-nin müxtəlif yerlərdə bir neçə dayağı arasındakı xətlər yeraltı kabel xəttinə keçirilmiş və eyni zamanda 1-ci və 2-ci “Müşviq”, 1-ci və 2-ci “Səngəçal” HX-lərinin hər birində isə bir dayağın yeri dəyişdirilmişdir.

Sonda digər layihələr barəsində məlumat verən mənbə onu da bildirdi ki, Abşeron Regional Elektrik Şəbəkəsində xeyli iş görülüb. Enerjisistemin stabil, dayanıqlı iş rejiminin qorunması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, şəbəkə ötən ili də uğurla başa vurmuşdur. Abşeron REŞ-in çoxsaylı kollektivi 2016-cı ildə də üzərlərinə düşən şərəfli işi layiqincə yerinə yetirməyə hazırdır.