İSTEHLAKÇILARIN TƏLƏBATLARI DOLĞUN ŞƏKİLDƏ ÖDƏNİLİR
Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi, “Siyəzən” EŞ-də də istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik veriliş xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir.
Mənbədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında müəssisənin balans mənsubiyyətinə aid olan “Broyler”, “Dərəzarat”, “Eynibulaq” və elektrik verilişi xətlərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı bu xətlərin 7,3 km-i yenilənmişdir. Eyni zamanda müəssisənin xidməti ərazisində “Böyük Həmyə”, “Kiçik Həmyə”, şəhər ərazisində bir neçə 0,4 kV-lik xətlərdə aparılmış yenidənqurma və təmir işləri zamanı 3 km-ə yaxın xətt yenilənmiş, 600 metrdən artıq kabel xətti çəkilmiş və 30-a yaxın dayaq dəyişdirilmişdir. Bütün bunlarla yanaşı dayaqların düzləndirilməsi, xətlərin qabaritlərinin bərpası, trassasının yaşıl kütlədən təmişlənməsi də görülmüş işlərdəndir. Qeyd edək ki, təmir işləri müəssisənin xidməti ərazisində olan transformator məntəqələrindən də (TM) yan keçməmişdir. Belə ki, sözügedən dövrdə səkkiz TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda “Gənclik” qəsəbəsində 320 kVA transformator daha güclü 630 kVA ilə əvəzlənmişdir.
“Həyata keçirilmiş və davam etdirilən işlər texniki itkilərin azaldılması, ödənişlərin artırılması və s. ilə yanaşı elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən biridir”,- deyən mənbə “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulmasına görə keçırılmış reydlər zamanı aşkar edilmiş nöqsanlar barəsində də məlumat verdi. Mənbədən verilən məlumata görə, cari ilin 8 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 475-dən çox istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 1 milyon 516 min kilovatsaata yaxın (bunun 465,1 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 91 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalıq hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür. O cümlədən, cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 46 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 69,2 min kilovatsaata yaxın (bunun 6,8 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 4,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin avqust ayında müəssisə üzrə 6,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,2 milyon kilovatsaata yaxın azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 min kilovatsaatdan çox artaraq 1,6 milyon kilovatsaata yaxın olmuşdur. Hesabat dövründə ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 2 faizə yaxın artmışdır. Onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisə üşrə ümumi istehlak 59,4 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,5 milyon kilovatsaatdan çox azalmış, ödənişdə isə mütləq artım qeydə alınmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyon kilovatsaatdan çox artaraq 19,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 16 faizdən çox olmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, burada da yanğın təhlükəsizliyinin təmin edilməsi haqqında nəzərdə tutulan tədbirlər həyata keçirilir. O cümlədən, artıq yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi təmin edilib, EVX-lərinin mühafizə zonalarının və TM-lərin ərazilərinin quru otlardan və kənar əşyalardan, transformatorların özülü və gövdəsi çirkli yağ örtüyündən təmizlənib.