“AZƏRBAYCAN İES”: ÖTƏN ILIN YEKUNLARI
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, respublikamızda elektrik enerjisinin ən iri istehsalçısı olan «Azərbaycan İES» MMC-nin kollektivi 2015-ci ilin bütün texniki-istehsalat proqnozlarını yerinə yetirib. Hesabat dövründə enerji bloklarının və avadanlıqların texniki-istismar səviyyəsinin yüksəldilməsi, stansiyanın texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması, yanacaq və enerji resurslarına qənaət edilməsi diqqət mərkəzində saxlanılıb.
Stansiyadakı avadanlıqların payız-qış mövsümünə hazırlığının təmin olunmasına dair kompleks tədbirlər tam həcmdə yerinə yetirilib. Eyni zamanda texniki tələblərə uyğun olaraq aparılmış profilaktik yoxlama və sazlama-sınaq işləri nəticəsində stansiyada enerji bloklarının və avadanlıqlarının dayanıqlı və qənaətli iş rejimləri də təmin edilib. Dispetçer yük qrafikinə əməl olunmaqla enerji istehsalı üzrə verilmiş tapşırıqlar da yerinə yetirilib. Bununla yanaşı əməliyyat heyəti tərəfindən avadanlıqların zədələnməsinə və sıradan çıxmasına gətirə biləcək qəza və imtina hallarına yol verilməyib.
Məhz bunun nəticəsidir ki, stansiya əməkçilərinin səyi ilə 2015-ci ildə enerji bloklarından 7 milyard 402,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. O cümlədən, ötən ilin dekabr ayında elektrik enerjisi istehsalı isə 546,6 milyon kilovatsaata yaxın olmuşdur.
Ötən il enerji bloklarının və avadanlıqların istismarı ilə yanaşı avadanlıq, bina və qurğularda təmir-tikinti və profilaktik yoxlama işləri aparılıb, ətraf mühitin mühafizəsi, yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri həyata keçirilməklə, mövsümə hazırlıq işləri görülüb.
Enerji bloklarının və avadanlıqlarının texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması və dayanıqlı işinin təmin olunması məqsədilə bir sıra rejim-sazlama işləri həyata keçirilib, suhazırlama qurğusu, yanacaq təsərrüfatı, kompressor və azot-oksigen sahəsi üzrə avadanlıqlar, yükqaldırıcı kran və mexanizmlər təmir və təftiş edilib. Həmçinin stansiyada kabel təsərrüfatı, yağ açarları və ildırımdan mühafizə qurğularının vəziyyətinə də yoxlama-baxış keçirilib. Yeraltı kommunikasiyalar və hidrotexniki qurğular, drenaj və sel suları kanalları saz vəziyyətə gətirilib. İstehsalat və yardımçı binalarda profilaktik təmir işləri aparılıb.
2016-cı ildə «Azərenerji» ASC-nin təsdiq etdiyi təmir qrafikinə uyğun olaraq stansiyada 4 və 7-ci enerji bloklarında əsaslı, 3 və 5-ci enerji bloklarında orta, digər enerji bloklarında planlı cari təmir aparılması nəzərdə tutulur. Bununla yanaşı transformatorlarda, 500 və 330 kV-lik APQ-də və onların müxtəlif avadanlıqlarında, eyni zamanda II “Abşeron” HX-nin reaktorunda əsaslı təmir işlərinin aparılması da planlaşdırılır.
Hazırda «Azərbaycan İES»də dispetçer yük qrafikinə uyğun olaraq sutka ərzində 16-20 milyon kVt-saat elektrik enerjisi istehsal olunur.