“TAXTAKÖRPÜ SES”: TEXNİKİ İQTISADİ GÖSTƏRİÇILƏR QƏNAƏTBƏXŞDİR
Hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır. Mütəxəssislərin apardığı araşdırmalar təsdiqləmişdir ki, müxtəlif bölgələrdə dağ çayları və suvarma kanalları üzərində çoxlu sayda kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Bu tipli su elektrik stansiyaları bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir. Dövlət Başçımızın rəhbərliyi altında bir neçə su elektrik stansiyası istismara verilmişdir ki, onlardan biri də ümumi gücü 25 meqavat olan, üç hidroaqreqat quraşdırılmış “Taxtakörpü Su Elektrik Stansiyası”dır.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, “Taxtakörpü Su Elektrik Stansiyası”nda dispetçer qrafikinə uyğun olaraq 2015 il ərzində 32,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, ötən ilin dekabr ayında isə burada 3,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Mənbə onu da bildirdi ki, stansiya üzrə digər texniki iqtisadi göstəricilər də qənaətbəxşdir.
Xatırladaq ki, stansiyada üç hidroaqreqat quraşdırılmışdır. Hovuzdakı dörd qapıdan üçü elektrik enerjisinin alınması məqsədilə suyun turbinlərə verilməsinə xidmət edir. Burada istehsal olunan elektrik enerjisi 110 kilovoltluq hava elektrik verilişi xətləri vasitəsilə 110 kilovoltluq 1-ci “Xaçmaz” hava elektrik verilişi xəttinə və 110 kilovoltluq 4-cü “Siyəzən” hava elektrik verilişi xəttinə ötürülür.