İMİŞLİ REŞ: YARIMSTANSİYANIN GÜCÜ ARTIRILMIŞDIR
Bütün enerji obyektlərində olduğu kimi İmişli Regional Elektrik Şəbəkəsində (REŞ) də balans mənsubiyyətinə aid bütün yarımstansiyalarda, transformator məntəqələrində o cümlədən, komplekt transformator məntəqələrində və elektrikötürücü xətlərdə iş səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit və dayanıqlı işləməsinin, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. O cümlədən, qarşıdan gələn payız-qış mövsümünə hazırlıq məqsədilə yenidənqurma işləri və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirilir.
REŞ-dən cari ilin son üç ayı ərzində görülmüş işlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, hazırda 330 kilovoltluq “İmişli” yarımstansiyasında genişləndirmə ilə əlaqədar eyni gərginlikli “VI Goranboy” HX-nin yuvasının tikintisi işləri aparılır. O cümlədən beton özüllər və metal konstruksiyalar quraşdırılmışdır. Eyni zamanda burada 3 saylı 250 MVA avtotransformator, I və II İmişli, I Biləsuvar HX-lərin eleqaz açarları və digər avadanlıqlar da təmir edilmişdir.
Qeyd edək ki, dayanıqlığın daha da artırılması məqsədilə 110 kV-lik Bəhrəmtəpə yarımstansiyasının genişləndirilməsi işləri həyata keçirilmiş və gücü artırılmışdır. Belə ki, yarımstansiyada 25 MVA gücündə transformator, iki ədəd eleqaz açarı, bir dəst cərəyan transformatoru, 10 kV-lık hissədə müasir tipli açarlar quraşdırılmışdır.
Yeri gəlmişkən, Füzulu SES-in işə salınması ilə əlaqədar olaraq 110 kV-lk Böyük Haramı yarımstansiysında da genişləndirmə işləri aparılaraq transformatorların birinin yeri dəyişdirilmiş və digərinin də sürüşdürülməsi üçün hazırlıq işlıri aparılır. Eyni zamanda iki ədəd 110 kV-lik bölmə, 5 ədəd eleqaz açarı və digər avadanlıqlar quraşdırılmışdır.
Mənbə onu da bildirdi ki, sözügedən dövrdə 330 kV-lik Ağcabədi yarımstansiyasında hər birinin gücü 280 MVA olan 1 və 2 saylı avtotransformatorlar təmir olunmuşdur. Eyni zamanda 110 kV-lik Yeni Beyləqan, Xalac, Saatlı-Dartı, Kürdəmir və digər yarımstansiyalarda da analoji tədbir həyata keçirilmişdir.
Onu da qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində yerləşən, EŞ-lərin balansında olan 230-dan artıq transformatorda təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata o da qeyd edilir ki, cari ilin ötən son üç ayında 330 kV-lik III İmişli, III Şirvan, 110 kV-lik I İmişli, I, II və III Kürdəmir və digər HX-lərində təmir işləri aparılmış, xeyli sayda izolyator dəyişdirilmiş, dayaqların ətrafı və xəttin trassası yaşıl kütlədən təmizlənmişdir.
Mövcud hava şəraiti ilə əlaqədar müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, yarımstansiyaların ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. EVX-lərin trassası ağac və digər yaşıl kütlələrdən, dayaqların ətraflarının quru otlardan təmizlənməsi işləri aparılır. İstismar müddətinə uyğun olaraq yanğınsöndürmə vasitələri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.
Sonda onu da qeyd edək ki, payız-qış mövsümündə dayanıqlığın daha da artırılması məqsədilə tədbirlər planına uyğun olaraq 110 kV-lik Yeni Beyləqan yarımstansiyasında yeni quraşdırılmış 2 saylı 25 MVA-lıq transformatorun 35 kV-lik tərəfində açar, bölmə və transformator ayrıcısı, Saatlı-Dartı yarımstansiyasında isə 2 saylı 16 MVA-lıq transformatorun 110 kV-lik tərəfində müasir tipli eleqaz açarının quraşdırılması planlaşdırılmışdır.