ZAQATALA EŞ: REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR

Image

İtkilərin azaldılması, sayğac sxeminə müdaxilələr edərək enerjidən qeyri-qanuni istifadə edənlərə qarşı reydlər müntəzəm olaraq davam etdirilir və tərəfimizdən aşkar edilərək onlara qarşı sərt tətbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Zaqatala Elektrik Şəbəkəsindən  (EŞ) daxil olan məlumata görə,  cari ilin iyul ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 100-dən artıq istehlakçının “Elektrik Enerjisindən İstifadə Qaydaları”nı pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 155,3 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 9,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.

Qeyd edək ki, cari ilin 7 ayı ərzində burada 330 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 716,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 43 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 50 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə cari ilin son üç ayı ərzində 10, 6 və 0,4 kV-lik elektrik verilişi xətlərində (EVX) həyata keçirilmiş yenidənqurma və təmir işləri, transformator və ya komplekt transformator məntəqələrində (TM və ya KTM) görülmüş işlər barəsində verdiyi məlumatda o da qeyd edilir ki, EVX-lərin 6,6 kilometrdən artıq hissəsi təmir edilmişdir. Buraya 10 kV-lik Tala, II Şəhər, Muxax, Qırğıllı, 0,4 kV-lik Qımıx, Çobankol, Muğanlı və digər xətlərdə görülmüş işlər daxildir.

Mənbəyə istinadən onu da qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 10-da müxtəlif təyinatlı təmir işləri də həyata keçirilmişdir.

Digər bir məlumata görə, cari ilin iyul ayında müəssisənin xidmət ərazisində 6,4  milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 513 min kilovatsaata yaxın azdır. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 20 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 4,2 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 2 min kilovatsaat azalmış, ödənişdə mütləq artım isə 20 faizə yaxın  olmuşdur.

Onu da qeyd  edək ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 4,8 milyon kilovatsaata yaxın artaraq 44,6 milyon kilovatsaata yaxın, ödənişdə mütləq artım isə 18 faizdən artıq olmuşdur.  O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 2 milyon kilovatsaata yaxın, 28,8 milyon kilovatsaatdan çox və 8 faizə yaxın olmuşdur.

Yanğın təhlükəsizliyi tədbiri barəsində məlumat verən mənbə onu da bildirdi ki, müntəzəm olaraq TM-lərin ərazisi təmizlənir, elektrik avadanlıqlarına baxış keçirilir və aşkar edilmiş nasazlıqlar təcili aradan qaldırılır. Yağ tutumlu avadanlıqlarda yağ sızması müşahidə olunarsa təcili tədbirlər görülür.

 

Sonda onu da qeyd edək ki, görülmüş və davam etdirilən işlər istehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanmasına, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin yüksək həddə çatdırılmasına müsbət təsir göstərir.