“ŞƏKİ ES”: GÖRÜLƏN İŞLƏR ÜRƏKAÇANDIR

Image

Digər energetika obyektləri kimi, “Şəki Elektrik Stansiyası” da istismara verildiyi gündən qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarmış və bu müsbət ənənənin uğurla davam etdirilməsini kollektiv özünün başlıca məqsədi sayır. Yeri gəlmişkən, yola saldığımız 2015-ci ildə də uğurlu nəticələr əldə edilmişdir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, dispetçer qrafikinə uyğun olaraq  həmin stansiyada 2015-ci il ərzində 271,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, ötən ilin dekabr ayında isə  burada istehsal 22,9 milyon kilovatsaata yaxın təşkil etmişdir.

Enerji istehsalı üzrə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə yanaşı stansiyanın payız-qış mövsümünə hazırlığı, avadanlıqların keyfiyyətli istismarının təşkil olunması, qəza və imtinaların sayının minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi və baş verə biləcək qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində operativliyin təmin olunması məqsədilə nəzərdə tutulmuş bütün zəruri tədbirlər müvafiq plan çərçivəsində ardıcıllıqla həyata keçirilir.

Sonda onu da qeyd edək ki, işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilmişdir. Müəssisənin işçi personalı tərəfindən iş yerlərində sanitar gigiyena normalarının tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edilmişdir.