ƏMƏK MÜQAVILƏSINƏ XITAM VERILMIŞ IŞÇILƏRƏ KOMPENSASIYA ÖDƏNILIR
"Azərenerjı" Açıq Səhmdar Cəmiyyətində kütləvi ixtisarların aparıldığı və ixtisara düşən işçilərə kompensasiya ödənilməməsi barədə son günlər bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Azərenerji” ASC-nin Mətbuat xidməti bununla əlaqədar olaraq bildirir ki, son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində enerjisistem yenidən qurulmuş və modernləşdirilmiş, maddi-texniki bazası müasirləşdirilmişdir. Bu zaman yeni və müasir texnika və texnologiyalar tətbiq edilmişdir ki, bu da hər bir işçidən müvafiq biliklər, yüksək peşə hazırlığı tələb edir.
Səhmdar cəmiyyətin tabeçiliyində olan müəssisələrdə çalışan, lakin ixtisas və bilik səviyyəsi bu tələblərə cavab verməyən 250 nəfərədək işçi ilə ötən ilin sonunda başa çatan əmək müqaviləsinin müddəti uzadılmamış, onların hər birinə, mövcud əmək qanunvericiliyinə əsasən, müvafiq kompensasiya ödənilmişdir.
“Azərenerji” ASC ixtisas və bilik səviyyəsi enerjisistemin müasir texnoloji tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir.