ANIM TƏDBİRİ KEÇİRİLİB

Image

Bu gün “Azərenerji” ASC-də 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar “20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda anım tədbiri keçirildi.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. 

Tədbirdə qeyd edildi ki, 26 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciə nə qədər dəhşətli olsa da,  xalqımızın mübarizə ruhunu qıra bilmədi. Məhz buna görə də biz 20 Yanvarı təkcə Ümumxalq Hüzn günü kimi deyil, həm də hünər və qəhrəmanlıq günü kimi qeyd edirik. 20 Yanvar faciəsi ilə Azərbaycan xalqını qorxutmaq, milli oyanışın, Qarabağ uğrunda mübarizənin qarşısını almaq məqsədi daşıyan mənfur planlar baş tutmadı.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin istər həmin günlərdə, istərsə də  Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 20 Yanvar hadisələri ilə bağlı gördüyü işlər, eyni zamanda,  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik və çoxşaxəli fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasını və zənginləşməsini daim diqqətdə saxladığı, azadlıq və müstəqillik, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmış insanlara, şəhid ailələrinə böyük qayğı göstərdiyi barəsində də ətraflı məlumatlar verildi.

O da qeyd edildi ki, istər həmin gecə, istərsə də sonrakı günlərdə energetiklər də gərgin işləmişdilər. Respublika enerji sistemində olan çətinliklərə baxmayaraq, onlar bütün imkanlardan istifadə edərək həyati əhəmiyyətli obyektlərin dayanıqlı enerji təminatını həyata keçirə bilmişdilər. 

Tədbirdə digər çıxış edənlər xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş, onun sonrakı taleyinə güclü təsir göstərmiş hadisələr sırasında 1990-cı ilin 20 Yanvarının - Qanlı Yanvarın özünəməxsus yeri olduğunu, bu hadisənin təkcə çoxsaylı insan tələfatına, ölçüyəgəlməz mənəvi itkilərə və maddi dağıntılara səbəb olmuş faciə kimi deyil, həm də ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şərəf və qəhrəmanlıq səhifəsi kimi səciyyələndirdilər. Onu da qeyd etdilər ki, bu ictimai zorakılıq və hərbi vəhşilik xalqımızın milli oyanışını, onun azadlıq və müstəqillik arzularını boğmağa yönəlsə də, bir nəticə vermədi və əksinə, milli istiqlalın gerçəkləşdirilməsi uğrunda mücadiləyə misilsiz təkan verdi. Bu təkan texniki təfəkkürün müstəqil şəkildə inkişafına zəmin yaratdı. Bunun da nəticəsində regionda ən müasir avadanlıqlarla təchiz olunmuş və qabaqcıl texnologiyalar tətbiq edimiş respublikanın müstəqil elektrik enerjisi sistemi yaradılmış, ölkənin elektrik enerjisinə olan tələbatı tam ödənilmişdir. Azərbaycan artıq qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində mühüm rol oynayır. 

Çıxışlarda o da bir daha vurğulandı ki, Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sürətlə inkişaf etmiş və ordumuz daha da güclənmişdir.